Elə pak, elə saf ürəyi var ki,
Tikan da, qanqal da Gülnara güldü.
Sanki bu dünyanın adamı deyil,
Güllər də baxışıb Gülnara güldü.
Hansı gül söyləməz güləm mən qəşəng, –
Təbiət qoynundan gül əmmən qəşəng!
Nar dərəm, sevinəm-güləm mən qəşəng,
Nar gülə güldüsə, gül nara güldü.
Deyincə: sevgisiz yaşa, sın, gözəl, –
Məni quru yuyub, yaş asın, gözəl,
Rəhm eylə Odaya, yaşasın, gözəl, –
Mənim bu sözümə Gülnar a güldü…