Azərbaycan Yazıçılar Birliyinin üzvü
Kürdəmir rayonunun Sor-Sor kəndindən olan, Qarabağ uğrunda Vətən müharibəsində şəhid olmuş, “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmiş Şiralı Vüqar oğlu Səlimovun əziz xatirəsinə bulağın açılması münasibəti ilə.
Adi bulaq deyil bu, şəhid xatirəsidir,
Şəhidin ölməzliyi, şəhidin haqq səsidir.
Canını xalq yolunda qurban verən şəhidin,
Vətən, torpaq uğrunda qurban gedən şəhidin,
Ölməzliyini təsdiq, eyləyən abidədir,
Elim unutqan deyil, xalqımız bilir qədir.
İnsanı insan edir, yaşadır öz amalı,
Bunu dərk eyləyirdi, anlayırdı, Şiralı.
Anası tək sevirdi, vətəni, bu torpağı,
Deyirdi, qoyammarıq, düşməndə Qarabağı,
Yağıları bir yolluq qovmalıyıq yurdumdan,
Qələbə gözləyirik, biz yenilməz ordumdan.
Komandanın əmridir, getməliyik irəli,
Necə də xoşbəxt idi, mətin əsgər Şiralı.
Döyüşdü Füzulidə, Cəbrayılda qeyrətlə,
Düşməni məhv eylədi, vətən oğlu cürətlə.
Suşamız azad oldu, alındı torpağımız,
Vüqarla dalğalanır üç rəngli bayrağımız.
Şiralı tək çox igid bu günü görməsə də,
Sevinc gülüstanından çiçəklər dərməsə də,
Vətən heç vaxt unutmaz öz şəhid övladını,
Daim yaşatmalıyıq igidlərin adını.
Bu bulaq Şiralının ölməz xatirəsidir,
Şəhidlərə məhəbbət, sevgi ifadəsidir
26.03.2021.