Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru,
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.
Soykökə bağlılıq, yurda bağlılıq,-
Qəhrəman bir yurdun canında olmuş.
At çapan Koroğlu dəlilərinin,
Sapandı, qılıncı yanında olmuş.
Əsrlər boyunca ər meydanında,
Fərhad tək qayanı bir ana yarmış.
Yaxşı ki, bir xalqa xidmət göstərən,
Cəsur bir diyarda qadınlar varmış.
Ömrün sınağından üzü ağ çıxmış,
Min igid gözündə darda da belə.
Yaşınıb, utanıb, çəkinməmişdi,
Boranda, şaxtada, qarda da belə.
Şairlər bir yurddan geri qayıtmaz,
Qadının hüsnündən ilham almamış.
Nigar da, Həcər də qəhrəmanlıqda,
Koroğlu, Babəkdən geri qalmamış.
Qəlbi ovsunlayan siyah telləri,
Kim sənə dedi ki, daranmayıbdı?!
Üzündə sevinci görəndə bildim,
Qadın ağlamaqçün yaranmayıbdı.