1

Heç nə yadımda yox

hər şeyin nurani üzü

soyuğa və qaranlığa bənzər.

Viranəyə dönüb

sentyabr şənbəsi

dost könlü havasız

qaranlıqdır deyə

gedənlər öz rəhmini də

çəkib aparmış…

isinir tək gecə lampasına

umudun solğun üzü.

Payızın göyləri kövrəlir

xatirəyə dönən sözdən

nə vaxtsa yollarda

kölgəsiz qaldığım günün

ruhu sarmaşır

həyətimizdə uşaqkən

budağına ip salıb

yelləncək oynadığım ağaclara.

2

Həmişə olduğu kimi

bu gün də yuvasız mavilik

quşların gözlərində mürgüləyir

gecənin qəlbi nəbzim kimi

döyünür səssiz və ıssız.

Hər sabah ertədən

yenə də dan üzü

qəfildən pırlayıb uçur

quşların yuvasından.

Quşların qanad səsindən

şeh damlayır puçur-puçur.

Mən isə elə bilirəm

quşlar uçub getsə belə

maviliyin yuxusuz üzünü

hər gün erkən duyacam

və səsimlə sığayacam.

Sükuta bürünmüş payızın

tənhalıq qoxusunu

son nəfəs tək

son gücümü toplayıb udacam.

Süpürüb atacam eyvanımdan

küləyin qovduğu yarpaqları

könlümə sığınıb titrəyən

anılar kimi…

3

Hər kimsəsiz dərd

soyuqdan donanda

əzab verməkdən usananda

qəlbimin qapısından

sorğusuz keçir.

Mən yazıq

sadəlövh və divanəydim

hər yetənə

sıcaq

            sevimli

eşqli bir söz söylədim

gedənlər özlərini isindirib

özləriylə apardılar anılarımı

xaraba qaldı könlüm

payız meşəsi kimi.

Bu gün yenə də yaddaşım

ağacı uyğuya dalan

son payızın içinə bənzəyir.

Ulduzum baxır

ulusumun hər zaman

qovrulan təzə yarasından

və nə vaxtsa incitdiyim

bir ruh uçur yanımdan

uçunur cavan canım…

Nə yaxşı hələ

barmaqlarım və ürəyim var

nakam tale nəğməsi oxuyan

mübarək qələmə qoşulub

avara dolanıram sözlərin arasında.

Məktəbli çağlarımın

xatirə kitabçasında

uduram havanı

uduram ilac kimi

içimə dolur göy üzü

aydınınlq və qaranlıqla birlikdə.

4

Neçə il öncə

yanımdan sevinclə ötən

qürurlu ömür saatı sükuta dalmış

sona vardığım uğurun qaranlığında

və mənim addımlarım

döyükür dünyanın harası deyə

dişləri tökülmüş sısqa gülüşlə

etinasız şəkildə ötür

son mənzilin yanından

abırsız bir həyat gölgəsi.

Bilmirəm nəyi ölmüş

ağlar qalan göy üzünün

tükənmir yaşı gözünün

yağmurlar tamam işlatmış

su içində qorxusuz yaşayan

fədakar dünyanı.

Daha yoxdur

anamın solğun qədəmi

izsiz yürüyür

torpaq üstündə və havada

yuyulub yuyulub

görünür görk kimi

həyatın min üzü birdən…

Ayın qos-qoca nuruyla

gecələrin üzü gülür

ancaq xoş günlərdə belə

yaşamaq eşqimiz sönür

ağrı çəkəndə

haqqımız itəndə… 

və öz bəxtimizdən küsəndə

Tanrı da adamın üzünə baxmır.

İsrarla getdiyimiz yollarda

bizə yoldaş kölgəmiz

qos-qoca ölümün surətidir bəlkə.

Yolumuzun kənarında

əkib böyütdüyümüz ağaclarda

otlardan yuva quran

bala çıxaran quşların yatışında

əzizini itirmək qorxusu var… 

haqqın dağılan uyğusunda

dağılır qiblənin xanımanı.

Sabah yenə yaşamaq istəyi

gecə yenə də

həzin ölüm qoxuyur.

Tanrını ibadətlə

aldatmaq istəyən biçarə həyat

həmişə gördüyüm kimi

qələbəlikdə və qiyamətdə

gözləri nəmli və həsrətli… 

6

Bu gün bayram ertəsi…

yağmurlu axır çərşənbə

sonuncu bayram günü tək

bu nimdaş sevinci də islatdı

çarəsiz qayğılar və ağrılar

beynimdə yerini aldı.

Yaxşı dərs verdi mənə tale

dostum və güvəncim olsun

bozqurd ağızlı dərd.

Ulusun ürək dolusu qanı

üzündə qalıb vətənin.

Günün son nidasıdır şahid dualar

şahid ağılardı verdiyim nəfəs.

Qəzəb və rəhm sinəmizdə

dərin çuxurlar qazmış

və zirvəsi görünməz dağlar ucaltmış

hələ yumşalmırsan Tanrım…

Başımızın üstündən quşlar

göy üzünü daşıyır

bilmirəm hara.

Hər addımda

pis və xoş anlarımda

açılır həyatın sirri

zamanın xəcalətli üzündən

günahlar torpağa damır

şəffaf yağmurlar kimi.

Adəmin viranə vətənindən

pırlayıb göydəcə ölən quşun

qəbri buğda zəmisində.

Soyuqdan ağzımda dilim donanda 

qaranlıqdan gözlərim qorxanda

söz yandırıb

ürəyimə düşən

dilsiz kədər də tərpənmir yerindən..

Qar kimi üzüylə

qanıma qəltan olan

divanə və nakam arzuların

xatirəsi çox cavandı.

Tanrım

göy qübbəsi ver

həyatın açıq yarasından

ruhumun xəyalı uçur…

8

Ey izsiz gölgəm

Alın tərini əllərimə tök

dəstəmaz alım

mən Böyük Çölün yorğunuyam

yovşanlıq dil deyir qədəmlərimdə

göylərim qocalır çiyinlərimdə

gözlərimin işığı

maviliyin ahəngini

fərq etmədən və toxunmadan

axır nəfəs-nəfəs

Qiblənin açıq qapısına.

Gecələr qarışıq yuxularda

görünür uzaqdan

vətən uğrunda övlad itirən

anaların sinə dağları…

o dağlar dərdin boyundan

kiçik görünür

önü o dağlara  tənha yolçuyam.

9

Qeybdən su kimi axan

divanə səsdir

hüzn günümdə oxunan ağı

vəsf edir Tanrının kəramətini 

mələklər xəbər aparır Qiblə ocağına

yurdumuza təzə bir qərib gəlir deyə.

Sinə dağlarının yolu dumandır

orda aqibətin sehri tufandır

daşı-torpağı ulu dağların

söz kimi səpələnmiş

dolanbac gədiklərə.

Orda karvanyeriş şairlər itmiş

sözlərin izində öyküyə dönmüş

O adı bilinməyən gündən

mələk qələmlər

qansız qübbəsinə göylərin

şəhid söz daşıyır nəfəs almadan

10

Türklüyün uğruna

söylənmiş ulu sözlərin

yanğılı öyküyə döndüyü

bir vadinin ulu sularıyam.

Yaşımdan çox erkən

axıb-axıb duruldum

ağacların

            insanların

                        səhraların

uğrunda həlak oldum

heç xəbəriniz olmadı.

Keçmişin diliylə söylənən sözlər

mənə kim olduğumu anladır.

O ulu sözlərin

yarandığı ruhların ürəyində

çəkişdiyim dava anla və qanladır.

Tarixin köşəsində

gözləməkdən

            dinşəməkdən

                        yaşamaqdan

dağlar kimi yalnızam

yalquzağam kutsal yol ayrıcında.

Həyata dönmüş viranəyəm

bir and həmləsinə çoxdan həsrətəm.

11

Sular qiyamətə doğru axdı

kimsə yox yer üzündə

sonuncu günü yaşaya

sonuncu gündən şahid qala.

Mən səhra qızılquşuyam

qızmarın cəsədi üstə

qiblədə qaldı

qocaman gözlərimin nuru.

Bilmədim cənnət hardadı

və havası düşərmi mənə

elə hey can atdım ona doğru…

Küləklərin qovduğu buludların

sələskən suların dalınca uçdum

uçdum və hey uçundum.

Gözləri yumulu halda

bir duanın sırtında

addadım qiblənin qapısından

əziz bəndə tək.

Günahım varmış bəlkə də

mən Tanrının yanında

yenə də tənha qaldım…

12

Ölərkən söz vədəsində

biz hara yolladıq bilmədən

həyatdan küskün ruhumuzu…

yerində təsəlli üçün

bir nişanə də qalmadı.

Talanmış buludlar o vaxtdan

dolaşır dəli-divanə

cəsədlərimizin arasında

könlünü boşaltmağa yer tapmır.

Bir ağı deyən də yox

burda ölən yalquzağa…

heç nədən ölürük deyə

heç nədən unudulduq.

Məkansız və adsız uhumuz

sümüklərimizin sahibi deyil

xaraba qoyduq cənnəti

orda yaşamaq yasaq…