Məzarlar da danışır…
Məzarlar da zamanla,
Dostlaşıb tanış olur.
Bəzi daşlar orda da,
Fəhləyə məmur olur.
Məzar var ki, başında
Bir abidə ucalır.
Məzar var ki, başında,
Adi bir daş dayanır.
Məzar var, il boyu
Həmişə yada düşür.
Məzar var, tarix boyu,
Heç ora yolun düşmür.
Məzar var, yanı hasar
Bir qoruğa bənzəyir
Məzar var, kol-kos basır,
Kim olduğu bilinmir.
Adama elə gəlir,
O daşlar da danışır
Ona yaxın məzarla,
Öz dərdini paylaşır.
Gecikirsən ay ürək
Arzuları bir-bir gerçək etməyə
Vaxt azalıb, gecikirsən ay ürək.
Bu həyatda əməl qoyub getməyə,
Gecikirsən bir az tələs ay ürək.
Çoxdandır heç yoxlamırsan özünü
Bəlkə sağlam, bəlkə xəstəsən bilək
Deyirdin ki, qəm bağlayıb üzünü
Gecikirsən sil dərdini ay ürək.
Hiss edirəm içində bir boşluq var
Vaxt ötsə də dola bilmir bu ürək.
Çox sakitsən bilirəm ki, sözün var
Töküb, boşalt öz içini ay ürək.
Pünhan tutmusan neçə sirrini,
Bilirəm vəfada tayın yox ürək.
Hərçənd bilməsələr bəzən qədrini,
Gecikirsən üsyan elə ay ürək.
Əvvəlkitək zövq almaqda acizsən
Əl-qolunu itirmiş bir əlilsən.
Son mənzilin uzaq deyil bilirsən
Gecikirsən aman yoxdur ay ürək.
Alov kimi
Bu bahar da payız kimi,
Sarı, qırmızı keçdi..
Yaşıllığı görmədim
Ya da gördüm, hiss etmədim.
Çoxdandı fəsilləri,
Yaman qarışdırmışam
Bircə sən qarışmırsan.
Beynimə qoyduğum kimi,
Yerində dayanmısan.
Dünən küləklə qar,
Yaman çovğun yaratdı
Bütün cismim üşüdü.
Təkcə başımdan başqa
Orda elə qalmısan,
İsti daş kömür kimi
Məni yaman qızdırır,
Xəyalın alov kimi…
Yarımçıq sevgilər
Məhəbbət yolunda yıxılmaq olar
Yetər ki, qalxmağa bir yolun olsun
Ayrılıb yenidən sevmək də olar
Yetər ki, sevməyə bir üzün olsun
Bir ürək nə qədər sevgi daşıyar
O olar, bu olar, o biri olar
Qəlb boxça deyil kim gəldi tuta
Axırda cırılıb, partlayıb daşa
Demə sevənlərim günahkar idi
Yarı yolda qoyub tərk etdi məni
De mən qəlbimi açıq qoymuşam
Hər gələn atını oynadıb getdi
Bir gün geriyə dönüb baxanda
Alnının qırışı çaşdırar səni
Yarımçıq sevgilər bir alov kimi
İçində qaynayıb yandırar səni
Mərhum şairə Rəhilə Elçinin xatirəsinə
Bir çiçək idin ki, ömürlük təzə
Araz yadigarı qalmışdın bizə
Qəlbində nə böyük gözəl arzular,
Heyf xəyalların düşdü dənizə.
Səndən bizə qalan dəyərli miras,
Təmiz duyğuların, hisslərin oldu.
Yazdığın alovlu, odlu şeirlər,
Bir də kitab dolu xatirən oldu.
Gözəl nümunədir həyat yolların
Vaxtsız yol çıxdı ömür karvanın.
Bilməzdik Rəhilə ziyarətinə,
Şahidlik edəcək nurlu məzarın.
Nə xoşbəxt insansan sevənin çoxdur
Sənin ürəklərdə heykəlin tuncdur.
Uzanır cənnətə indi qolların,
Qovuşar ruhuna Məmməd Arazın.
“Şəhriyar”
Bir dahi uyuyur qonşu torpaqda
Adı Şəhriyardı, özü dəryadır.
Sözü, kəlməsi dürri-yektadır
Amalı türk olan bir bəxtiyardır.
Bir görmək istədi, öz millətini
Çəkdi daxilində acı zilləti.
Qəlbi bu eşqlə hey çırpınırdı,
Gözündə qor kimi şimşək çaxırdı.
Yanıb odlanırdı,sözdə,sətirdə
Bir xalq,dövlət,torpaq üstündə
Vahid birliklə,ulu vəhdətlə,
Şamtək əriyirdi şei,qəzəldə.
Azadlıq məlhəmin çəkib yaraya
Vətən nisgilinə dərman edirdi
O taylı-bu taylı doğma elinə,
Ürəyi qubarlı salam deyirdi.
Heydərbaba onsuz qalıb gileyli
Öz elində olub indi yadelli
Sarıbaba düşüb xeyli aralı,
Səsi gəlmir qəlbi olub yaralı.
Neçə əsər yazılıbdır şəninə
Mahnı qoşub, söz deyiblər şeirinə
Adı düşmür cavan, qoca dilindən,
Öyrənirlər daim onu dərindən.
Yaşım çatmadı, görəm mən sizi
Gəzdim ölkəmi mən qarış-qarış
Görmədim Zəngilan, Laçın, Şuşanı.
Bir də Cəbrayılı, o Qubadlını,
Hələ Kəlbəcərtək gözəl məkanı
Yaşım çatmadı, görəm mən sizi
Bir gəzib dolanam hər tərəfinizi.
Necə qurban getdiz yağı düşmənə?
Heç kimsə bilmədi aqibətinizi.
Yurddan ayrı düşdüz tarimar olduz
Gözlərdə durub, bədgüman olduz.
Günah kimdədir, necə oldu ki?
Qoruya bilmədik, tamam yox olduz.
Gərək deyil şuşalı, laçınlı olam
Təəssüb çəkən vətən oğluyam.
Keçdikcə illər, hey aram-aram,
Qorxuram sizə heç qovuşmaram.
Düşmən torpağımda gəzib əylənir
Badələr qaldırıb, yallı da gedir.
De necə dözüm, mən bu halətə?
Göz dağı verir mənə heyvərə.
Düyünlər açılsın, simlər qırılsın
Sülh sazişləri bir yana qalsın.
Hər gün sinəmə, od qoyan düşmən,
Silahın gücündən yanıb dağılsın.
İllər də aşiqtək sevişə bilir
İllər də darıxır bir-biri üçün
Rəqəmlər artdıqca uzaq düşürlər.
Hər ötən ildəki o xatirələr,
Uzaq tarixlərdə solub, ölürlər.
Sən sanma ötənlər səni yandırır
Şirin nağılların keçmişdə qalır.
Bir ildə baş vermiş, bədbəxt hadisə
Daim o ildə kədər saxlayır.
İllər də aşiqtək sevişə bilir
İnciyib, yenə də barışa bilir
Bir canlı kimi, gözlər önündə
Tərpənib, yeriyib, danışa bilir
Bəzən illəri vurub, döyürük
Nədir ki, bir acı xatirəsi var
Elə il var ki, hey öyünürük
Çünki o ilin xoş tarixi var
İllər də fərz elə insan kimidir
Onun da xeyirli, xeyirsizi var.
İllər də adamtək ya xoşbəxt olur,
Ya da talesiz, bir bədbəxt olur.
Dəniz boyda sevgim…
Gəlmişəm yenə də dəniz seyrinə,
Qəmli fikirlərlə həsrət ötürüm.
Baxıram dənizin ucqar yerinə
Deyirəm təəssüf mənim sevgimə.
Bir vaxtlar dənizi birlikdə sevdik
Gəlib kənarında, qışı yay etdik.
İndi bu yerlərə yalnız gəlirəm
Çılğın dalğalarla köks ötürürəm.
Gələrdik dənizə görüşmək üçün
Qol-boyun olub, sarılmaq üçün.
İndi tək-tək gedirik düşünmək üçün
Oturub kənarda ağlamaq üçün
Dəniz boyda sevgim deyərdin mənə
Mən də can deyib, baxardım sənə
İndi bu sularda üzün görünür,
Böyük ləpələrdə səsin duyulur.