SƏN ELƏ MƏNİM EVİMSƏN
Yoxdu səndən başqa evim,
Sığındığım tək yerimsən.
Özümü sənə tapşırdım,
Sən, elə mənim evimsən…
Fikirləri yığ bir yerə,
Düşüncələr sizə gəlir.
Dur ayağa aç qapını,
Sən, elə mənim evimsən…
Qarşıla xəyallarımı,
Yer ver ona baş köşədə.
Qonaq elə otağında,
Sən, elə mənim evimsən.
Çək nazını, oxşa onu,
Yoxdu başqa gedəcəyi.
Ürəyin ünvanın sonu,
Sən, elə mənim evimsən.
19.02.2016
QOY NAZINI MƏN ÇƏKİM
Qumral gözlüm, yada salıb andığım,
Gecələri həsrətinə yandığım,
Gündə yüz yol başına dolandığım,
Gəl yanıma, qoy nazını mən çəkim…
Sənsizliyin olur mənə dörd divar,
Nə pəncərə, nə də ki, bir qapı var.
Ürəyimin adın boyda çatı var,
Gəl yanıma, qoy nazını mən çəkim…
Könlümü fəth edib, qəlbimi çalan,
Girib həyatıma, yurd-yuva salan,
Ey mənim yanımda ömürlük qalan,
Gəl yanıma, qoy nazını mən çəkim…
Ömrümə yazılan güllü yazımsan,
Dilimdən düşməyən xoş avazımsan,
Sinəmə sıxdığım telli sazımsan,
Gəl yanıma, qoy nazını mən çəkim…
17.02.2016