Bilmirəm heç nəyi, lələ, bilmirəm,
Mən kiməm, nəçiyəm, hələ bilmirəm.
Getmişəm, özümə gələ bilmirəm,
Dəli olmağıma bir addım qalıb.
Ömrümün bu yaşda nağılına bax,
Nağıldı, ay Allah, nağıl, ona bax!
Ağılsız eşqimin ağılına bax,
Dəli olmağıma bir addım qalıb.
Əl açar, sevgimin əli utanmaz,
Xırmanı iş görər, vəli utanmaz.
Yiyəsi utanar, dəli utanmaz,
Dəli olmağıma bir addım qalıb.
Bilmirəm, heç neçə yaşındayam mən,
Eşqin iştahında, aşındayam mən.
Uçrumun, yarğanın qaşındayam mən,
Dəli olmağıma bir addım qalıb.
İşarə yıxacaq, him aparacaq,
Əlimi saz yeyib, sim aparacaq.
Məni evimizə kim aparacaq?
Dəli olmağıma bir addım qalıb.
Məcnun dərs oxuyub- kitabı Leyli,
Məcnun sərxoş olub- şərabı Leyli,
Məcnun dərdə düşüb- əzabı Leyli,
Dəli olmağıma bir addım qalıb.
Gülməsin bu halda məni görənlər,
Tər çiçək nədirsə, bilir dərənlər.
Ayılın, ay mənə ağıl verənlər,
Dəli olmağıma bir addım qalıb.
Görüş sevincindi, həsrət ahındı,
Sevənlər sevgili bir dərgahındı.
Zəlimxan, mən kiməm, hökm Allahındı,
Dəli olmağıma bir addım qalıb.