* * *
Axtarıram, tapammıram
Dil ucunda söz kimiyəm.
Xatirələr pərən-pərən
Alaq basmış iz kimiyəm.
Ay qəm-kədər ,yaxamdan düş.
Bütün bunlar sanki bir düş
Ocağından ayrı düşmüş
Öləzimiş köz kimiyəm
Durdum özümlə üz-üzə.
Dur demədik nəfsimizə
Mat qalıbdır tanrı bizə.
Göydən baxan göz kimiyəm.
* * *
Sevgi yaşadar insanı,
Kindən,kinfrətdən yıxılar.
Aşkar olandan sarsılmaz,
İnsan qəflətdən yıxılar.
Doğru sanmam gördüyünü,
Fikirlərim cin düyünü,
Azalıbdır toy-düyünü,
Dünya matəmdən yıxılar.
Burnumda çiçək qoxusu,
Gözümdə səhər yuxusu,
Qəlbimdə hicran qorxusu,
Sevgim həsrətdən yıxılar.
Bərk sarıl haqqın ipinə,
Haram girməsin cibinə,
Hamı həyatın dibinə,
Öz zirvəsindən yıxılar.
25.06.2017
* * *
Qəlbim yara, gözümdə yaş,
Duz yaranı göynədərmi?
Könlümdə buz, sevgim atəş.
Od buzları əridərmi?
Öz qarğışım tutub məni.
Dost nəfsinə satıb məni.
Kor quyuya atıb məni,
Haqq səsimi eşidərmi?
Şaxta vurmuş ürəyimi
Daşa dönmüş diləyimi
Xəzan olmuş gəncliyimi,
Qış günəşi isidərmi?
* * *
Çəkilməyən, dözülməyən,
Dediyiniz o dərd mənəm.
Qova-qova namərd edib
Söydüyünüz o mərd mənəm.
Özümə də bir az yadam.
Bir az suyam,bir az odam.
Həm küləyəm,həm torpağam.
Bildiyiniz o dörd mənəm.
Dostu azdır,düşməni çox
Qarnı acdır,gözləri tox
Kölgəsinə güvəni yox
Yalquzağam,bozqurd mənəm.
Qan qoxuyur çiçəkləri.
Kəfənsizdir şəhidləri.
Kimsəsiz “ruhlar şəhəri”
-Gördüyünüz o yurd mənəm.