Zaman tələsdirir qovur insanı,
Baxıb bu həyata dövran qocalır.
Duyub düşündükcə ömrün sonunu,
Saçları ağarır, insan qocalır.
Həyat insanların üstünə cumur,
Əl əli yuyanda əlüzü yumur.
Görən bu həyatda insan nə umur,
Baxıb min arzuya güman qocalır?!
Əyrini düz sayır, düzü də əyri,
Allah cüt yaradıb”Şəri və xeyri”.
Bircə bu dünyada yalandan qeyri,
İnsana baş əyən zaman qocalır.
Bəşər yox olubdu qandal qolunda,
İblislər əyləşib sağı-solunda,
Həyatın çıxılmaz çətin yolunda,
İnsanı dərk edib qanan qocalır.