Azərbaycanda ATATÜRK Mərkəzinin Baş redaktoru,
Azərbaycan Yazıçılar Birliyinin Qəbul Komissiyasının üzvü, Prezident təqaüdçüsü.

******
Mən Allahın lal diliyəm,
hərə bildiyin anlayır.
Ağzımda sözüm quruyub,
hərə bir dildə oxuyur.

Səhranın kor bulağıyam,
dəvələr üfürüb içir.
Türkün vahim sorağıyam,
səsimdə yovşanlar bitir.

Ulu qurdun sükutuyam,
izimdən fəryad boylanır.
İtmiş ruhumun quluyam,
kölgəmin könlü atlanır.

Məzarımın daşı diri,
yaramı gendən tanıram.
Hərdənbir boylanıb geri,
dostumu düşmən buluram.

O YURD..

Həyatım darıxır, hara aparım,
sonu yazılmayan ömür – yarımçıq.
Nə bir gedən vardır, nə bir qayıdan,
hər iki dünyanın qapısı açıq.

O yurd çox qocalıb tanıyammıram,
Yuxarı Şenniyi aşağı köçüb.
Oğullu, uşaqlı ocaq başının
tifağı dağılıb, tüstüsü uçub.

Saraylar xaraba, qəbirlər durur,
orda sevinc ölmüş, qəmsə diridi.
Yurdsuzun, qəribin, dostun, düşmənin
sağ bəndədən rəhmət umduğu yerdi.

Yasəmən kolları içində itən,
səmtin unutduğum o məzarlıqdan
atam yorğun gələr yuxularıma.
Xəyalı yaşayan bir bayatıdan
boylanıb, yolumu açar uzaqdan.

O qəbrin yanından ötən cığırla
bəlkə min il əvvəl keçib getmişəm.
Aramızda yollar, şəhərlər durur.
Ruhum uyğudadı öz odasında,
mənsə hey gedirəm, mənzilin başı
qarışmış həyatın düz ortasında.

*****
Günlər çox köhnədi,
yaşamaq olmur.
Yolu başa vurub qayıdammadım.
Yaşadım,
itirdim,
qazandım, amma
bir xatirə həyat uydurammadım.

Mənə kim öyrətdi bu qədər sevim,
ya bir dərviş olum, ya şəhid düşüm.
Kimsə yox, uğrunda canımdan keçim,
ömür çox uzandı, heç usanmadım.

cənnətdə dirilik suyu içmədim,
göz yaşıydım Tanrı gözündən gəldim.
İstədim yaşayam, amma ki, öldüm,
təndə öz ruhumla yollaşammadım.

cənnət qismətimdən quş kimi uçdu,
hər şey ilk mənzildə qalası oldu.
Ölüm yalquzaqtək tənha dolaşdı,
dərgah çox soyudu, qovuşammadım.

Unutmaqdan ötrü

Unutmaqdan ötrü
bütün çabalar boşuna getdi.
Sanki indicə canım çıxacaq
hər dəfə nəfəsimi dinşəyib
təzə bir xəbər gözləyəndə.
Silkələyib çevirdim
günləri astarına,
nimdaş saatlar tökülüb
dağıldı üst-başıma.

Burnundan qan açılmış
keçmişi görüb tanıyınca
vaz keçdim gülümsəməkdən
mutluluğun naməlum üzünə.

Səndən sonranı
unutmaqdan ötrü
ortada vurnuxan bir bəhanədi
mənim varlığım.
Haydı,
onu da gəl apar,
heç kimdən izn almadan
heç kimə gənəşmədən…

Sağlıqla qal
Əziz anam Yetərin baş daşına

Köprü üstə dayanıb
qonaqları ötürdüm.
Səni ovcuma alıb
son evinə götürdüm…

Sağlıqla qal
ay ana
daha gecdi mən gedim.
Bir az işim-gücüm var
sahmana salım gəlim.

Dilim ağrıyır deyim:
köhnə evin virandı
rəfdə salamat qalan
şəkillər və Qurandı.

Divarlar da buz kimi
bir nəfəs yox qızdıra.
Bir ruh ola söz kimi
ocağını yandıra…
Xatirələr dirilə
öləsən gülə-gülə.

Görürsənmi
ay ana
əlim qalıb amanda.
Ac dərdlər arasında
vurnuxuram
bir yana
yenə də çıxammıram.

Mən bir fani aşiqəm
səni torpağa gömdüm.
Bir oyundu bilirəm
ölümünü də sevdim.

Yolun səmti bilinməz
ağrıyıb ləngiyərəm
ölüm xəbərim gəlməz
özünə dərd eləmə.
Qəfil sənə gəlirsəm
odam dardı söyləmə.

Suçum varmış

Yad bir yana, dostlar üzə ağ oldu,
öfkəm harda, səbrim harda, bilmədim.
Sözü bəlli qərib dilim tutuldu,
qibləm harda, qəbrim harda, bilmədim.

Cığırımız iz-iz olub itər də,
sağlıq olsun, fani ömür bitər də,
daşım üstə: “mən də vardım” yetər də,
yol içindən qırılarmış, bilmədim.

Can bazarı can satılar, alınmaz,
şah da istər, qul da istər, usanmaz,
suçum varmış, heç hesabım sorulmaz,
Osmanlını qan tutar da, bilmədim.

Səfər uzun, yol haça
Dostum İ. İlyaslıya

Haqdan salam olsun, ozan İbrahim,
bir dosta gəl, qədəmini çağ eylə.
Mən susuram, fələk üzür dilimi,
yanmış canın çiy dərdini dağ eylə.

Qar yağmaqla alçaq dağlar ucalmaz,
uca yurdam, sel qapımda dayanmaz,
islanar da qızmış öfkəm soyumaz,
əsilsizdən haqq alınmaz lağ ilə.

Ömür gödək, yazı qara, anlarsan,
fələk döyər, öz-özünü danlarsan,
insafın yox, bildiyini saxlarsan,
qafil zatın lənətini çox eylə.

Osmanlı der: səfər uzun, yol haça,
eşq utancaq, qələm dəli, söz qoca,
azar tutsun dərd sırtından vurunca,
acı sözün yarasını sağ eylə.