rxd

Şairə-jurnalist-publisist
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Qızıl qələm” media mükafatı laureatı,

NƏ DEYİM

Sonetlərim – silsiləsindən

Qəlbim doluxsunmuş payız səması,
İncitək gilələr süzür yanaqdan.
İçimdə başlayıb dünya savaşı,
Ən incə hisslərim keçir sınaqdan.

Könül intizarda,gözümdə həsrət,
Gəl desən şimşəyə dönərəm hər an.
Kimi gözləyirəm,bilmirəm fəqət,
Ruh məni tərk edib qalıb quru can.

Bir ümid yaşatdım,hər an içimdə,
Gözlədim yolunu,güman içində
Gözlədim,gözlədim,gəlmədin yenə.
Xəyalın buraxmır heç tənha məni,

Unuda bilmirəm ən son kəlməni,
Nə deyim mən sənə,-üzü dönənə?

20.02.2016.

MƏNİM TALEYİM

Sonetlərim – silsiləsindən

Soyuq bir qış günü gəldim dünyaya,
Ulduzlar yanırdı qurd gözü kimi.
Bulud pərdə idi parlayan aya,
Günəş səmaların əzizi kimi.

Qarlar qərq etmişdi gülü, çiçəyi,
Nəğməkar bülbüllər dönük çıxmışdı.
Həyata göz açan körpə ürəyi,
Fələyin qəzəbi vurub yıxmışdı.

Bu qarlar, şaxtalar çökdü canıma,
Ömrümə, günümə, saat, anıma.
Bir günüm olmadı acı, qəhərsiz.
Yalvardım Allaha mən səhər, axşam,
Ömrümə, günümə xoşbəxtlik alam.
Taleh bir at verdi yüyən, yəhərsiz.