ŞAİR HAQQ YOLUNDA….
Ey medal ölüsü, təltif ölüsü,
Ey şöhrət ölüsü, tərif ölüsü,
Misranı beynimə mismarlama gəl.
Bu gün dilin üstə can verən sözü
Əl altdan sabaha ismarlama, gəl.
Səsin öz başına düşməsin, qağa?
Köksün öz qəlbinə genmi, darmı-gör.
Sabah bu vətəndə dəfn olunmağa
Qəbrinə bir qarış torpaq varmı? gör.
Aldığın təltifi köksünə sıxıb,
Yamanca ayırdın özünü xalqdan.
Sənətə bir qazanc yeri tək baxıb,
Haqqı taptalayıb, danışdın haqqdan.
Mədənə bağlandı qəlbin, ürəyin
Səsin qəlbindən yox, qarnından gəlir.
Unutma bu xalqın duzu, çörəyi
Getməz, belə getməz burnundan gələr.
De, şairlik hara, məddahlıq hara?!
Kimdən bu xislətə inam dilərsən.
Şair xalq yolunda çəkilər dara.
Sənsə xalqı satıb, hökmüdarından
Mükafat dilərsən, ənam dilərsən.
Gedər bu var-dövlət, ürəyin bir vaxt
Səni öz içindən haraylar, səni……
Adam tək ağ günə çıxartdı, ancaq
Şair tək öldürdü saraylar səni.
Ey məddah, ey yaltaq, çəkil kənara.
Haqqın şairinin qoy səsi gəlsin.
Ölü ilhamını get, göm məzara
Bahar ilhamların nəfəsi gəlsin.
Şair öz xalqının olar içində
Şair öz xalqının ölər içində.
28.01.1999.
Könül, qəm eləmə…
Könül, qəm eləmə, gen gəzsə əgər
Bir zaman vurğunun, dəlin olanlar.
Ağzını açmamış tutsa dilindən,
Ağzıyın içində dilin olanlar.
Bu da bir dünyadır…var boşu, bərki
Hamıdan sədaqət ummağı tərgi.
Nə vaxtdan özünə gün ağlayıb ki,
Ürəyi obanın, elin olanlar.
Duzsuzlar duz gəzsə şorunu görməz.
Köksündə açılan şırımı görməz.
Külüyün altında qorunu görməz,
Nə çoxdur başına külün olanlar.
Səsi haqdan gəlir şerin, sənətin,
Ancaq bu hikməti anlayar çətin,
Ayağı altında şanın, şöhrətin
Hər zaman pəyandaz, kilim olanlar.
Sibirel, əyrilər əyəmməz səni.
Bədxahlar, xəbislər öyəmməz səni.
Öyrənə-öyrənə bəyənməz səni
Köçürə-köçürə alim olanlar.