Bahar
Sevdiyim gözəlin hörükləri tək
Söyüdün saçları ətir qoxuyur
Qaranquş səsində,durna səsində
Bülbül ləhçəsində bahar oxuyur
Qərənfil al çəkib yanaqlarına
Ətrindən məst olma oğulsan indi
Yaşı bax xınalı ayaqlarına
Kəkliklər elə bil təzə gəlindi
Bahar hər çiçəyə təzə don tikib
Nərgiz sarı geyib,lalə qırmızı
Yenə köl dibində boynunu büküb
Bənövşə-baharın küsəyən qızı
Ötür min həsrətlə yollarda gözü
Bülbül qızılgüldən görüş alıbdır
Yaşıl yamacların qızarıb üzü
Bahar icazəsiz öpüş alıbdır
Bağçalar məst olub gül qoxusundan
Barlı budaqların artıb neməti
Ayılar ayılıb qış yuxusundan
Bitib arıların “məzuniyyəti”
İsti yuvalarda hey civildəşən
Ətçəbalalar da lələkləyibdir
Al-əlvan çiçəklər körpədir deyən
Yaşıl çəmən boyu iməkləyibdir
Gözəllik bağrına basıb dünyanı
Təbiət özünə baxıb öyünür.
Bumbuz bulaqların qaynayır qanı
Torpağın nəbzində bahar döyünür.
QADINLAR
Soyuq ürəkdə də sevgi oyadar,
Gücünü eşqində bilər,qadınlar.
Evini sevincə,işığa tutar,
Doğma ocağında gülər,qadınlar.
Kövrək ülfətini,məhəbbətini,
Verər balasına,verər ərinə.
Qadın əllərinin hərarətini,
Kişilər geyinər əyinlərinə.
Gah işdə,gah evdə,mətbəxdə-ANA
Çox zaman bilməz ki,əylənmək nədir
Girsən hansı evə,baxsan hayana
Analar,bacılar iş üstündədi
Çatar göylərə məhəbbəti də
Məhəbbətsiz həyat bir həyat deyil.
Qadınla bölməsən səadətini,
Hələ o səadət,səadət deyil.
Dan düşər,gecənin başı ağarar,
Qaranlıq çəkilər aydın səhərlə.
Hər kişi qəlbində işıqlı nə var,
Bağlıdır qadınlı xatirələrlə.
Qadın gözlərinin çəkdiyi yolla,
Kişilər evlərə yığılar axşam.
Hər kişi qəlbinin qüssə-qəmini,
Bir qadın sevinci dağıdar axşam .
Kişilər,haqlıyıq görün harda biz,
Qadını sevməmək mümkün deyildir.
Günah axtarmayaq qadınlarda biz,
Günahkar onların gözəlliyidir.
Gözəllik hər qəlbdə sevgi oyadar
Gücünü eşqində bilər,qadınlar
Oğulla-uşaqla arzuya çatar
Doğma ocağında gülər,qadınlar