5f7ccfdb87f0c47b4ffb151a4f84cea0

Tale üzə gülmür ömürün qışında,
Həyat balıq kimi əldən sürüşür.
İnsan şəkilləri qəbir daşında,
Nədənsə həmişə qəribə düşür…

Üstə doğum ili, ölüm ili var,
Bir bəndlik şeir də gor nəğməsidir.
Məni qınamayın, başdaşı sanki,
Ölənin “şəxsiyyət vəsiqəsidir”…

Min illik sualın cavabı varmı?
Ruhum candan çıxdı, ağlım da başdan.
Görəsən bir zərrə savabı varmı,
Ölənin başına bu boyda daşdan?

O kimin yaşıdı, çatsın yaşına,
Yönünün yöndəmi, təhəri yoxdu.
Allahlıq edirsən “sinə daşına”,
Allahın heç səndən xəbəri yoxdu…

… Sanma özüm boyda dağam, qüruram,
Sənin daş qürurun ruhumu əzir.
Vallah, ayaq üstə güclə dururam,
Mənim başdaşılıq halım nə gəzir?…