Mənə biganəlik öyrət, ürəyim!
Qıvrılım içimdə,
Yatım içimdə.
Yaxşını yamandan seçə bilməyim,
Büdrəyim, yıxılım, batım içimdə.
Bir gündə ütsələr meşəni, yolub,
Yıxıb – sürüsələr dağları, susum.
İçib məst olmasam, baxıb məst olum,
Desələr bulağa şərabdır bu su.
Sapanda güc olum, daşa ağırlıq
Tənha ulduzlara daş atan olsa,
Deyim “xəlbirlənən” daş qumdur artıq-
Yetimi, yesiri yaşadan olsa.
Heç üzü qaraya üzüm gülmədi
Sən ki, tanıyırsan, ey ürək, kiməm!
Pərvanə olanda o kəs bilmədi,
Biganə olanda biləcək kiməm!
Bir az da ölümü yandırsın ahım,
Düz olum, bilməyim düz olmaq nədi,
Satanın nəyinə gərəkdir axı
İynə olmaq nədi?
Biz olmaq nədi?
Oba yerlərinə baxıb ağlayım,
Tüstüsüz ocaqdan nə pay, nə umu.
Odunu nə vaxtdan qara bağlayıb,
Alovu nə vaxtdan ağzını yumub.
Quruya yaş olmaq hünərdi bəzən,
Bəzən də bu hünər girovdu nahaq.
Səni sinələrdən çox asmışam mən,
Bəs səni sinəmə kim qaytaracaq?
Elə daldalanım alqış zalında,
Xəbərim olmasın alqışlayandan.
Xəbərim olmasın haqqı yanandan,
Xəbərim olmasın haqqı danandan.
Çəkim qoltuğuma qulaqlarımı,
Bilməyim göy payı, yağışdı, qardı.
Bilməyim sel çəksə ayaqlarımdan
Sel kötük apardı, insan apardı…
Ürəyim, öz dərdim özümdən ağır
Hər hökmün andınla üz-üzə durur.
Ölü sağlığımın sayıqlamağı,
Diri mərhumluğun çağrışı budur…
Mənə biganəlik öyrət, ürəyim…
27 iyul 1988.