Azərbaycan Yazıçılar Birliyinin üzvü
Kürdəmir rayonunun Ərəbxana kəndindən olan, Qarabağ uğrunda Vətən müharibəsində qəhrəmanlıqla şəhid olmuş, “Vətən uğrunda”, “ Füzulinin azad olunmasına görə”, “ Xocavəndin azad olunmasına görə”, medalları ilə təltif olunmuş Pərviz Natiq oğlu Novruzovun əziz xatirəsinə ithaf edirəm.
Hələ kiçik yaşından xətirli –hörmətliydin,
Çox mehriban, gülərüz, şirin söhbətli idin,
İstiqanlı oğuldun, dostluqda ülfətliydin,
Qısaca həyatında qoydun yaxşı əməl, iz,
Unutmaz heç bir zaman, el-oba səni, Pərviz.
Uşaq idin, yox idi, nə kədərin, nə dərdin,
Dostlarınla birlikdə kür çayında üzərdin,
Bağ-bağçanı, çəməni həvəs ilə gəzərdin,
Arzuların tükənməz, xəyalların bir dəniz,
Unutmaz heç bir zaman, el-oba səni, Pərviz.
Böyüdün, yaşa doldun, arzuların böyüdü,
Oldun Ərəbxananın cavan qoçaq igidi,
Ağsaqqallardan aldın nəsihəti, öyüdü,
Həyatda yolun kimi əqidən də oldu düz,
Unutmaz heç bir zaman, el-oba səni, Pərviz.
Vətən məhəbbətiylə döyünürdü ürəyin,
Sevirdin bu vətənin, hər gülün, hər çiçəyin,
Qarabağ azad oldu, qəbul oldu diləyin,
Arzuların saf idi, arzuların saf, təmiz,
Unutmaz heç bir zaman, el-oba səni, Pərviz.
Oxuyurdun kollecdə, dedin, orduya gedim,
Artıq zaman yetişib, vətənə xidmət edim,
Necə də fəxr edərəm, “Əsgər!” çağrılsa, adım,
Bu ad hamıya doğma, bu ad hamıya əziz,
Unutmaz heç bir zaman, el-oba səni, Pərviz.
Alqış vətən sevginə, alqış mətanətinə,
Düşmənlər heyran qalıb vətən məhəbbətinə,
Tab etmədi yağılar sənin rəşadətinə,
Yaddan çıxarmaz heç vaxt qəhrəmanın Horadiz,
Unutmaz heç bir zaman, el-oba səni, Pərviz.
Zaman keçir hərənin həyatı bir cür ötür,
On doqquz il yaşadın, gözəl, mənalı ömür,
Şəhid oldun, şəhidlər heç vaxt, heç zaman ölmür,
Səni doğması bilir, Gəncə, Naxçıvan, Təbriz,
Unutmaz heç bir zaman, el-oba səni, Pərviz.
03.03.21.