QORXU…

Bəşəriyyət yaranandan
insan qırmaqla məşquldu;
sudakını,çöldəkini,
göydəkini,göldəkini,
obadakı,eldəkini…
ələ düşəni qırırıq.

Oksigenli ormanları,
çiçəklərdə dərmanları,
dənizlərdə limanları,
təbiətin yaraşığı
minbir guşəni qırırıq.

Zavodların tüstüsündə
göydə gündüzü qırırıq,
bəxtəvər insan görəndə
gülən bənizi qırırıq,
suda dənizi qırırıq,
bir-birimizi qırırıq!

Artıq bezib əməllərdən
Tanrı–başına Tac qoyub
bizə “Virusu” göndərdi;

Mərmilərin həmləsindən
dünya olub yamaq-yamaq,
düzü “Virusdan” qorxmuram,
QORXURAM ADAM OLMAYAQ…

QOCA…

ÇoxdandIr tanımaz gəlib-gedəni,
arabir nəyisə istəyər qoca,
yanında oynayan xırda nəvəni
çətində köməyə səsdəyər qoca.

Daha nəzər salmaz xoş gələcəyə,
sevib heyran olmaz gülə,çiçəyə,
görə bildiyini aşırmaz deyə-
həyatı sakitcə izləyər qoca.

Ağının üstünə çıxıb qarası,
gözündən oxunar içinin pası,
mələklər yanına köçüb qarısı-
sadəcə,eşqini bəsləyər qoca.

Bir gənclik yaşadı deyib-güləyən,
hər nazı-qəmzəni çətin bəyənən,
qorxsa da dünyasın dəyişməyindən:
” Bir,zalım gələydi tez…”-deyər qoca.

Hərdən uşaq kimi olar ağlağan,
zamandan bezsə də şirin şeydi can,
bununçun çəliyi xalis “Dağdağan”,
qorxar ki,canına göz dəyər qoca!

Nəyisə yadına salırmış kimi
harasa zilləyər nəzərlərini,
doğmalar düşünər: “Sər–sərvətini
baxdığı yerlərdə gizləyər qoca”.

Daralıb çevrəsi şən arzuların,
fərqində az olar qışın,baharın,
əbədi dünyaya gedən qatarın
eyvanda yolunu gözləyər qoca…

06.12.2016.