YAZIQDAN-YAZIĞA NƏ PAY DÜŞƏCƏK?

Zirvədə qarların gödəlir boyu,
oyanan baharın havası ipək,
axdıqca əriyən qarların suyu,
dağlara sellərdən haray düşəcək,

Ayı daxmasında bal kimi yuxu,
nəfəsi qapıdan qovur soyuğu,
çiçəkli çəmənə,səhraya doğru
o,çeşmə qaçacaq,bu,çay düşəcək,

Qar idim-əridim göylərə çıxam,
sevirdim;ölürdüm gözünə baxam!
sən–yazıq,mən isə sınmış budağam;
yazıqdan-yazığa nə pay düşəcək?!

Yağdı saçlarıma qar dənə-dənə,
dedim:”Atma mıni,yar”,dönə-dönə,
qisməti əzəldən nəs gətirənə,
nə illər uğurlu,nə ay düşəcək,

Səhərlər Günəşdən tez oyanan qız,
gecələr qəlbində od qalayan qız,
oğlan bəyənməyib,sonalayan qız;
bəxtinə ya əfəl,ya zay düşəcək!

Vaxtla,Vahid ƏZİZ,bitir səninki,
boşalt, pas atmasın ürəyindəki!
insan-paxır tutmuş qazan deyil ki,
nə yamaq,nə də ki,qalay düşəcək…

GETDİ….

Bir yaz çiçəyinin ipək əlləri,
saçımda yel kimi əsmədi,getdi,
bilsə də sevirəm illərdən bəri,
barı gözucu da süzmədi,getdi.

Xəyalən oxlayıb şikar elədim,
qəlbimdən hamını inkar elədim,
ömrümü bal etdim,şəkər elədim,
söylədi: “Şan deyil,süzmədi!”-getdi.

Düşdüm arxasınca dağ yollarıyla,
dil tapdım vulkanlar alovlarıyla,
qolboyun dolaşdı nar kollarıyla,
mənimlə yanaşı gəzmədi,getdi.

Qayğılar,şübhələr içimi yedi,
qırdı,viran qoyub yerlə bir etdi,
məndən söz düşəndə:”Yaxşıdır”-dedi,
güya ümidimi üzmədi,getdi.

Çox olub gözləri yolda qalanlar,
xürrəmmi yandırıb dərdə salanlar?
bu gidi dünyaya bələd olanlar
deyər:”Vahid ƏZİZ dözmədi,getdi…”

24.03.2019