Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru,
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.
Sevimli Ustad, Xalq şairi Vahid Əzizin zəngin yaradıcılıq təcrübəsi haqqında bir neçə söz
Çağdaş Azərbaycan poeziyasının görkəmli və qüdrətli nümayəndəsi, Xalq şairi Vahid Əzizin şeirləri həddindən artıq ictimai-siyasi məqamlarla doludu. Yəni, cəmiyyətdə cərəyan edən mühüm hadisələrə birbaşa müəllif münasibəti açıq-aşkar duyulur.
Zəngin bədii yaradıcılğını hər gün yüksək peşəkarlıqla, şövqlə, uğurla davam etdirən Ustad-şair Vahid Əziz hansı mövzuda yazırsa-yazsın, fərq etməz, müəllifin hər bir misrasında, kəlməsində, sətrində cəmiyyət üçün nigarançılıq, təşviş özünü qabarıq şəkildə biruzə verir. Təbii ki, sadalananların hamısı müəllifin uzunmüddətli yaradıcılıq axtarışlarının və müşahidələrinin nəticəsidir.
Mənə hərdən elə gəlir ki, Sevimli Xalq şairimiz qədər doğma Bakımız haqqında bu qədər dəyərli, gözəl şeir yazan şair yoxdu və olmayacaq da!!!
Keçən əsrin 70-80-ci illərində qələmə alınan şeirlərin hər birinin özünəməxsus ruhu, deyim tərzi isə tam başqa bir aləmdir. Sözlərin ardıcıl olaraq düzülüşü, qafiyələrin yerli-yerində seçilməsi, bədii təsvir və ifadə vasitələrinin və müasir Azərbaycan dilinin daxili imkanlarından istifadə müəllifə öz fikrini daha gözəl, daha dolğun ifadə etməyə köməklik göstərməklə yanaşı, həm də yeni-yeni sənət əsərlərin meydana gəlməsinə, bir növ, şərait yaratmış olur.
Heç şübhəsiz ki, Xalq şairi Vahid Əzizin zəngin bədii yaradıcılığı yetişməkdə olan yeni nəsil Azərbaycan gəncliyinin dünyagörüşünün inkişafına da təkan verir. Gəncliyin mənən kamilləşməsində, zövqünün formalaşmasında mühüm əhəmiyyət kəsb edir.
Müşahidələrim bir daha onu deməyə əsas verir ki, müasir Azərbaycan ədəbiyyatında özünəməxsus yeri, dəst-xətti olan Ustad sənətkarlardan biri və birincisi Fərdi Prezident təqaüdçüsü, Xalq şairi Vahid ƏZİZ üçün xalq sevgisi, oxucu alqışları, müəllifin həmişəyaşar sənətinə verilən ən yüksək dəyər kimi qiymətləndirilməlidir. Çünki lirik-fəlsəfi şeirlər müəllifi, milyonlarla oxucunu düşündürməyə sövq edən incəqəlbli, uşaq təki kövrək, millətinin, xalqının qarışısında alnıçaıq, üzüağ, gələcəyə doğru inamlı addımlar atan görkəmli şair Vahid ƏZİZ şeirləri ilə dünyanın harasında yaşamasından asılı olmayaraq, hər kəsin ürəyini oxumağı bacarır. Bu isə hər şairə qismət olan alın yazısı deyilmiş. Taleyin töhfəsidir ki, çağdaş dönəmdə Sevimli Xalq şairimiz Vahid Əzizin yeni-yeni şeirlərini oxuyub, hər gün, hər an yeni nə isə öyrənirik. Biz isə öyrəndiklərimizi xalq əmanəti kimi gələcək nəslə ötürməyə borcluyuq. Ən azı ona görə ki, həmin əxlaqi fikirlər, dəyərli sözlər, xalq hikməti ilə dolu kəlmələr məhz Ustad şair Vahid Əziz qələminin məhsuludur.
Bakı şəhəri. 31 mart 2021-ci il.