Qapıların açıldığı bütün otaqlar insanın özünə tikdiyi zindandır… Bu qapıların üzbəüzündə pəncərələr varsa, zindan daha betər olur. “Qapısız-pəncərəsiz otaqmı olar?” – deməyin… Otaqları sevməyin… Ya da elə sevin ki, onun üzünə qapını, pəncərəni bağlamayın; qoyun içinə çəksin dünyanı… Yalnız o zaman o otaqlar sizin dünyanız olar… O dünyanızın içində də heç vaxt dilinizə “tənhayam” sözü gəlməz…
İllər öncə bir hekayə yazmışdım – “Qütb adamı”… Hələ üzə çıxarmamışam onu. Bizim ətrafında fırlandığımızdı qütbümüz, ya sevgiylə, ya məcburən… Nə fərqi var ki? Hamımızın içində bir fırlanma arzusu, hamımızın həyatında bir “qütb adamı” var. Mütləq var! Təkbaşına dizimizi qucaqlayıb oturduğumuz otaqda da o “qütb adamı” bizimlədir. “Yanımızda” olmaq üçün nəinki otağın, heç ömrümüzün də qapısını-pəncərəsini eyninə almır…
…Bir də səadətimiz var… Ölçüsünü özümüz təyin etdiyimiz, lazım bildikdə, qıraq-bucağını yeyələyib hamarlamağa çalışdığımız, istədiyimiz donu geyindirdiyimiz, “Tanrı ərməğanı” desək də, özümüzün uydurduğumuz səadətimiz… Həmişə ovcumuzun içindədi o, istədiyimizdə yox saya bilirik, istədiyimizdə həyatımızın baş köşəsində qırmızıdan taxt düzəldib oturduruq… Amma “tənha” otaqlara heç vaxt onu özümüzlə “aparmırıq”, qoyuruq qapının eşiyində… Qapı məhz bunun üçün lazımdı bizə…
Amma bu gün çərçivələdiyim səadətimdən yox, həyatıma əlvan bir bahar küləyilə daxil olmuş Səadətimdən danışmaq istəyirəm. Onunla bağlı bütün xatirələrimi büküb qoyuram bir tərəfə, bitmək bilməyən saatlarla dərdləşdiyimiz illəri də ötürürəm düşüncəmdən… Axtarıb tapıram şeirlərindən, oxuyuram… Oxuyuram…
“Tanrı sevgisindən libas geymişəm” – deyir bir şeirində… Doğru deyir… O, bunu daxilində hiss edir, mən illərdi zahirdən müşahidə edirəm.
Qışın bu çağında “Yaz nağılı”nı oxuyuram… “Günəş buludlarda alovlanardı” misrasına bükürəm qış hikkəmi… Bu gün qışa ögeyəm. Amma onu da bilirəm ki, yazın əlvan nağılının fon rəngidi qışın bəyazlığı. Bilirəm, yenə qışdan küsürəm. Yenə yaza tələsirəm…
Yolumu kəsən “kədərin udum-udum udmasıdır” məni… Bu da Səadət xanımın misrasıdır, əhvalımı anlatmaqçün “mənimsəyirəm”… Sonra da “xəyalın közərən umudlarıyla” unudulmadığımı umuram. Unudulduğumda “yaşıl xatirələrin” daha çox üzdüyünü də oxuyuram Səadətimin şeirində…
İçimdə böyüyən “ah”ları yenə “yaz nağılı”na saxlayıram. Taleyin bir günü Səadət xanım üzü Xəzərə dayanıb “Yenə də dənizə tökülər ahım” dediyində, yanında olmaq, “ah”ımı “ah”ına qatmaq niyyətindəyəm… Qəfildən ağlıma gələn fikir də “ağıllı” sayılmaz; görəsən, bu niyyətim qışdan çıxacaqmı? Çiynimi çəkirəm ixtiyarsız…
“Gülüm, könlümüzə doldu soyuqluq, Elə bil qar düşüb güllərin üstə” – desə də, Səadət xanım, bizim tərəflərdə qar hələ cilvələnməyib… Soyuqluqmu? Dolu nədi, daşır… Boz rəngi sevməyimə baxmayaraq, ruhumdakı bozluğu “soyunmaq” üçün yazıya cummazdım yoxsa. Belə anlarımda Səadət xanımdan eşitdiyim bir söz vardı həmişə: “Dərdi də dərd etmə özünə, gülüm…” Bu dəfə isə özü uzaqdadı, amma mənə xitabən yazılan bir misra tapmışam “Düşüncə” şeirində: “A gülüm, ağlama təbiət kimi…”
…”Laləli sevgilərin Duyğusu yaman küskün” olur, bunu laləyə olan heyranlığımdan bilirəm. Amma “zümrüd gülüşü solğun torpağın zamana küskünlüyü”nü daha dərindən anlamaq istəyirəm. Bunun üçün hansısa ilin hansısa ayında, qarışıq əhvallı bir gündə Səadətimlə üz-üzə oturub özümü sözə təslim etməliyəm… Sözə olan sevgimə xilaskar kimi sarılmaq şahmat oyununda “pat” olmaq kimidir. Bunu qulağıma pıçıldayan səs ürəyimim içindədimi, yoxsa başımın üstündə? Bilmirəm… Duyğularımı yollara salmaq istəmirəm. “Sevgi, sevgi!” bağıran iblislər yola çıxır” çünki… Əbəs yerə “sevgini talenin bənövşə gülüşü” saymır Səadət xanım. Heç boynunu əyməyən, əzəmətli bənövşə görmüsünüz? Bir rüzgarlıq ömrünü məğlub olaraq yaşayır bənövşələr… Sonra da köçüb gedirlər… Səadət xanım demiş, “köçüb gedənlər Anlatmır ağ nağılı…”
…Telefonuma gələn zənglə bölünür düşüncələrim. Anamdı…
– Alo? Neynirsən?
– Anam mənim… Yazı yazıram Səadət Ələkbərovadan.
– Hə… Sənin Səadətindən?
– Hə… Mənim Səadətimdən.
– Qəzetdən oxuyaram…
– …
Mənbə: 525.az