44 günlük müharibədə Azərbaycan Ordusunun əldə etdiyi şanlı qələbəyə həsr olunmuş növbəti kitab işıq üzü görüb. “Borçalıdan Şuşaya gedeən yol” adlanan kitabda İkinci Qarabağ müharibəsində iştirak etmiş Borçalı əsilli Azərbaycan vətəndaşları olan şəhid və qazilərimizin keçdikləri şanlı döyüş yolundan bəhs olunur. Kitabda 200 nəfərdən çox əsgər və zabitin həyat və döyüş yolundan bəhs olunur ki, onlardan 12 nəfəri şəhidlik zirvəsinə ucalanlardır. Onların hər biri haqda avtobioqrafik məlumat verilməklə yanaşı, iştirak etdikləri döyüşlərdən bəzi epizodlar da yer alıb. Barələrində kitabda yazılanlardan hətta elələri də var ki, ata-oğul müharibənin odlu-alovlu yollarından keçiblər.
Knyaz Musayevin kitaba yazdığı ön sözdə də vurğulandığı kimi, “bu yazılar ilk baxışda sadəcə avtobioqrafik məlumatlardan ibarət olsa da, hər birinin arxasında bir insan taleyi var. Və bu yazıları oxuduqca qəhrəman Azərbaycan əsgərinin obrazı gözlərimiz önündə öz əzəməti ilə bir daha canlanır, harada doğulmasından asılı olmayaraq damarında Azərbaycan türkünün qanı axan igidlərimizin cəsurluğu, igidliyi və Vətən sevgisi qəlbimizi qürurla doldurur”.
El ağsaqqalı, xeyriyəçi Knyaz Musayevin maddi dəstəyi ilə Bakıda “Elm və təhsil” nəşriyyatında nəfis tərtibatla işıq üzü görmüş, üz qabığında Milli Qəhrəman İlqar Mirzəyevin şəkli əks olunan kitabın müəlifi Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu, redaktoru Mahal Tükənlidir.
Xatırladaq ki, Birinci Qarabağ müharibəsində iştirak etmiş əslən Borçalıdan olan soydaşlarımızın sayı da yüzlərlədir və M.Nəbioğlu bildirib ki, növbəti kitabı onlara həsr olunacaq.
Mənbə: http://darvaz.com/