Azərbaycan Yazıçılar Birliyinin üzvü
Əslən Kürdəmirdən olan, Qarabağ uğrunda Aprel döyüşlərində qəhrəmanlıqla şəhid olmuş, şəhidlik məqamına yüksələndən sonra “Azərbycan Bayrağı” ordeni ilə təltif edilmiş Azərbaycan Respublikasının Hərbi Hava Qüvvələrinin baş leytenantı, pilot İsmayılov Əbübəkir Vüqar oğlunun əziz xatirəsinə ithaf edirəm.
Bu vətənin nə qədər cəsur insanları var,
Qorxmaz, mərd, şir ürəkli igid aslanları var,
İsmətli qız-gəlini, qoçaq oğlanları var,
Onlarlardan biz nə qədər, söz-söhbət açsaq azdı,
Şəhidlər olmasaydı, torpaq vətən olmazdı!
Aprel şəhidlərindən biridir, Əbubəkir,
Bu yurdun övladıdır – ana yurdu Kürdəmir,
Elə ömür yaşadı, hamıya örnək ömür,
İgid şahin səmada ölməz bir əsər yazdı,
Şəhidlər olmasaydı, torpaq vətən olmazdı!
Uşaqlıqdan deyirdi, -General olacağam,
Əsgərlərin qəlbinə nur kimi dolacağam,
Düşmənləri qorxuya, təlaşa salacağam,
O düşmən ki, nankordu, xaindi, yaramazdı,
Şəhidlər olmasaydı, torpaq vətən olmazdı!
Ali Hərbi Məktəbdə oxumaq məqsədiydi,
Təyyarəçi olmaqsa, arzusu, mətləbiydi,
Yolu özü seçmişdi, ürəyinin səsiydi,
Bu səs, bəlkə, tanrıdan gələn nida-avazdı,
Şəhidlər olmasaydı, torpaq vətən olmazdı!
Təhsilin başa vurub, oldu yetkin bir zabit,
Həm geniş qəlbli idi, həm də qorxmaz bir igid,
Başqa cür olammazdı, almışdı halal öyüd,
Çətinlikdən qorxmazdı, heç nədən sarsılmazdı,
Şəhidlər olmasaydı, torpaq vətən olmazdı!
Qorxu nədir, bilməzdi, onu çoxdan qovmuşdu,
Aprel döyüşlərində qəhrəmantək vuruşdu,
Təbrizlə, Urfan ilə ölməzliyə qovuşdu,
Üç qardaş-üç dost idi, bu dostlar ayrılmazdı,
Şəhidlər olmasaydı, torpaq vətən olmazdı!
Şəhid olan zamanı küləklər saçın yoldu,
General olmasa da ucadan uca oldu,
Yaşamaqçın əbədi, neçə ürəyə doldu,
Elin Əbübəkirə məhəbbəti solmazdı,
Şəhidlər olmasaydı, torpaq vətən olmazdı!
17.03.21.