rxd

Şairə-jurnalist-publisist
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Qızıl qələm” media mükafatı laureatı,

A DAĞLAR

Bahar gəlib oyansanız, a dağlar,
Könül sizə qanad açıb gəlmişəm.
Zirvə qarı, dağ havası, bulaqlar,
Qaranquşla birgə uçub gəlmişəm.

Məlhəmsiniz dərdə, qəmə, kədərə,
A dağ gölü, yaşıl ada, gur dərə,
Göy yamaclar, gəlməyəsiz nəzərə,
Neçə məskən, oba keçib gəlmişəm.

Vüqarınız ərənlərin görküdür,
Ağ buludlar başınızın börküdür,
Hər qayanız bir mahnıdır, türküdür,
Oxumaqçün sizi seçib gəlmişəm.

Səmalardan nur ələnir daşına,
Qövsi-qüzeh lap oxşayır qaşına,
Heyran-heyran dolanmağa başına,
Ceyran kimi süzüb, qaçıb gəlmişəm.

Qəhrəmanlıq bəlli olar savaşda,
Tariximiz, salnaməmiz hər daşda,
Qol götürüb oynayıram bu yaşda,
Lalələrdə şəbnəm içib gəlmişəm.

29.02.2016.

ƏCƏLDƏN QAÇIŞ

/Xocalı faciəsinə/
Qarlı, qaranlıq dağ- daş,
Ayaq yalın, açıq baş.
Bağrında çağa – sirdaş
Yüyürürdü yal ilə.

Çıxarmırdı səsini,
Dərmirdi nəfəsini.
Sarmışdı körpəsini,
Canına yun şal ilə.

Fəlk dursun, biz sayaq,
Qıc olmuşdu əl, ayaq.
Qoynunda körpə- dayaq,
Cəngdəydi, zaval ilə.

Yarımcan, aşdı dağı,
Keçdi meşə, oymağı.
Bitdi əcəl sınağı,
Çatdı, bu minval ilə.

Ayırdılar bağrından,
Şal qarışıq körpə, qan.
Necə barışsın Dövran?
Bu qanlı əhval ilə…

26.02.2016.