Dağın arxasında məst olub Günəş,
Süzür gözlərini qürub saatı.
Çarmıxa çəkilən yol ayrıcında,-
Ürəyim döyünən qərib saatı.
Bir eşq ünvanı tək saata baxdın.
Könlümdə çağladın,gözümdə çaxdın.
Əqrəblər nazıyla oynayır vaxtın,
Kim belə divanə görüb saatı?!
Gözlərim diksindi saat səsinə,
Uzaqda bəlkə bir nəğmə isinə.
Sən allah,qulaq ver zənguləsinə,-
Gör, zalım nə gözəl qurub saatı!