Baxdı neçə-neçə şeirlərimə,
İstədi don biçə şeirlərimə,
Köçdü küçə-küçə şeirlərimə,
Mənim küçələrim üşümür daha…
Bu yükə toxunma, daşıyan mənəm,
Bax, ölüb-dirilən, yaşayan mənəm,
Nə yaxşı, elə tək üşüyən mənəm…
Mənim küçələrim üşümür daha.
Dərdim bu dünyanın çiyninə deyil,
Sözüm küçələrin əyninə deyil…
Dizəcən yağan qar eyninə deyil,
Mənim küçələrim üşümür daha.
Qəlb yanar, özünü vurdusa közə,
Ürək lazımdı ki, tablaya, dözə.
Ta deyə bilmirəm: “Dur gedək bizə!” …
Mənim küçələrim üşümür daha.
Bu necə ömürdür, bu nə pay, Allah?
İtirdim hesabı, özün say, Allah…
Allah, sənə şükür, şükür, ay Allah –
Mənim küçələrim üşümür daha!