10646868_273655359498567_6620189188081019440_n

Tamah mənim gözümdəymiş,
Dünya, məni bağışla, sən.
Demə , günah özümdəymiş,
Dünya, məni bağışla, sən!

Durdum neçə can qəsdinə,
Nahaqdan dəydim şəstinə.
Qan tökdüm, yıxdım üstünə,
Dünya, məni bağışla, sən.

Sən safsanmış, təmizsənmiş,
Çəmən, meşə, dənizsənmiş.
Yaradana əzizsənmiş,
Dünya, məni bağışla, sən.

Hərdən həddimi aşmışam,
Nə bilim, bəlkə, çaşmışam.
Hər gün sənlə dalaşmışam,
Dünya, məni bağışla, sən.

İndi-indi anlamışam,
Özümü sahmanlamışam.
Əbəs səni danlamışam,
Dünya, məni bağışla, sən.

Şeirsənmiş, qəzəlsənmiş,
Sən Adəmdən əzəlsənmiş,
Yaşamağa gözəlsənmiş,
Dünya, məni bağışla, sən.

Kin bəsləyən ürək də ,,mən,”
,,Bədniyyət*”, xoş dilək də mən.
Şeytan* da mən, mələk də mən,
Dünya, məni bağışla, sən.

Sülh bağlayaq, savaş bitsin,
Sevinc gəlsin, kədər itsin.
Sənə qarşı eylədiyim,
Pislikləri unut getsin,
Dünya, məni bağışla, Sən!