Ruhsuz canda sazaq gəzər, –
Baxmaz yaya, qışa, Yahu.
Dost-tanışlar uzaq gəzər,
Bəxt ilişsə xışa, Yahu.

Dəyişər dərdin cilidi,
Açılmaz bəxtin kilidi,
Bu kül haranın külüdü, –
Ələndi bu başa, Yahu?!

Ağır olar yolda şələ,
Keçilməz ki – yol daş elə…
Yolçu elə, yoldaş elə
Bu dərvişi quşa, Yahu!

Yığıbsa gər, işdə yığıb,
Dövranı-gərdişdə yığıb.
Bu baş çox səriştə yığıb, –
Bu daşdan o daşa, Yahu.

Ağ gün bir ağ don biçmədi,
Qarasız bir gün keçmədi.
Gözü gözdən su içmədi,
Ölüm baxdı qaşa, Yahu.

Küsmə ötən aydan, ildən,
Bu su arınmaz ta lildən.
Demək ki, çıxıbdı əldən, –
Dil vardısa “kaş”a, Yahu.

26.05.2022