Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru
Şairlər günü
Gününüz mübarək əziz şairlər
Deyirlər ki, bu gün şair günüdü,
Şairlərin hansı günü yoxdu ki?!
Əzab, həsrət, hicran, bir də dərd yükü,
Şairin günüdü, şair toxdu ki?!
Əynində vətənin şəhid köynəyi,
Gözündə kədərin dənizi yatır.
Hər gün xırda-xırda artır göynəyi,
Şair ağrısıyla başını qatır.
Şairə gün verib, gün ayırmayın,
Şairə pay verin, qüssədən-qəmdən.
Bütün dərdinizi şələ eyləyib,
Asın şairlərin çiyinlərindən.
Şairin sinəsi bülbül qəfəsi,
Orda fəğana bax, orda aha bax.
Dağı da əridir onun naləsi,
Qəfəsi ərimir, bir günaha bax?!
Pənahı haqq olub, haqqa arxadır,
Göydə Allahı var, yerdə sözü var.
Sözüylə baş qatıb özün toxdadır,
Axı şairlərin nədə gözü var?”
Arzusu kəm olub, gözündə oynar,
Yanıltmaz haqqını, inamı iti.
Ağlında, sözündə, çağlayıb qaynar,
Qəlbindən tökülüb düşən ümidi.
Şair dərd bükürmü, bilinməyən sədd,
Şairin bəxtində gecələr zaman.
Siz ona gün verib, gün ayırmayın,
Asın şairləri dar ağacından.