12242312_961671070559387_189159540_n

Niyə xırdalanıb, satılırıq biz.
Var dövlət görəndə havalanırıq.
Niyə hər oyuna qatılırıq biz.
Niyə hər qazanda çalxalanırıq.

Niyə dəyişilir hə gün üzümüz.
Rəng verib, rəng alan göy üzü kimi.
Bu dünya malından doymur gözümüz.
Nəfsimiz acgözdür, lap özü kimi.

Niyə əmanətə xəyanət edib,
Niyə itiririk imanımızı.
Niyə xəyanəti bir adət edib,
Niyə itiririk gümanımızı.

Niyə aşağıdan dağa qalxanda,
Dərə olduğunu unuduruq biz.
Atlanıb çapırıq, yolun sonunda,
Bərə olduğunu unuduruq biz.

Yaralı əsgərin yanına gedib,
Niyə qanımızdan qan vermirik biz.
Niyə bu vətənə xəyanət edib,
Niyə Mübariz tək can vermirik biz.

Papaq altındadır başın təmizi.
Biz belə deyilik, üzdəki belə.
Çox da qınamayaq bir birimizi.
Biz belə deyilik, bizdəki belə.

20.11.2015