HAÇANSA,DÜNYADA BİZ OLMAYANDA…

Ruhlar yurd salacaq özgə məkanda,
canlar–ləçək,çiçək,böcək olacaq,
haçansa dünyada biz olmayanda
bizdən deyilənlər gerçək olacaq,

Şairə gor qazar korşalan qələm,
sözlər həm “ağamdır”,nəm də ki,”köləm”,
bir daha dünyaya gələn deyiləm,
nə olsun–daha da göyçək olacaq!

Dünya həm “müştəri”,həm də ki,”baqqal”,
məkanı paylaşar “şir” ilə-“çaqqal”,
məndən–nəsillərə sanballı saqqal,
ismətdən danışan birçək olacaq!

Zülmün çərçivəsi sınıb haçansa,
Haqqın məğrur səsi donub haçansa,
bilirəm–torpağım yanıb haçansa,
ən azı bir gülə dibçək olacaq!

İnsaf,niyə boşdur yüyənin belə?
əli niyə bərkdir döyənin belə?!
“gözümün yağını yeyənin” belə,
üzümə son sözü: “Əl çək!”-olacaq!

Ruhlar yurd salacaq özgə məkanda,
canlar–ləçək,çiçək,böcək olacaq,
pislər,Vahid ƏZİZ,həddən-ziyada,
yaxşılar–olanda; tək-tək olacaq…

MƏRC MƏKANI…

Büs-bütün qarışıb xarab-babatla,
dəyirəm ya yerə,ya kəlləçarxa,
ağlını itirmiş dəli həyatla,
ya cici-biciyəm,ya əlbəyaxa.

Bu cürmü qoyulub Haqdan təməli?
hər kəs yaxasını çəkir qırağa!
bilmirsən doğrudur kimin əməli,
kim “qara qarğadır”,kim “ala qarğa”.

Dedilər:”Darıxma,olur,həyatdı,
əsası tapdığın zəmzəmdi,qutdu!”,
bir Mələk təqsiri boynundan atdı,
Şeytan sifətini Tanrıya tutdu.

Şairlər söz qoşur,yazır,dərc edir,
öyrəndim,Şeytan da,Cin də Mələkdi;
Şeytanla arada hələ mərc gedir,
kaş ki,Tanrı deyən üstün gələydi…