Azərbaycan və Yazıçılar Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Dünya Gənc Türk Yazar Birliyi (DGTYB) Məsləhət Şurasının üzvü, filologiya üzrə fəlsəfə doktoru, dosent, şair, tənqidçi, ədəbiyyatşünas

Burdan qərib Bezansona –
Hüqoya beş addım yoldu,
Ruhum qalan Panteona
Qatar yolu neçə əsr?

Yenə fikrim uzaqlarda,
Qraf Tolstoyda qaldı
Payız… Yasnaya Polyana…
O kədərli, köhnə qəsr.

Ryazanda meşə yolu,
Ağcaqayın sağda, solda.
Bir şeirlə zəncirlənib,
Ruhum Yeseninə əsir.

Qocalıb Puşkin dağında,
Bir ağacın gözü doldu.
Bu yaz da gedə bilmədim,
Yenə hər ilki kəm-kəsir…

Peterburqda bir tələbə
Ömründən-günündən oldu.
Edamdan dönən yazarın
Səsi qulağımda gəzir.

Gecəyarı… könül yenə
Gör kimləri yada saldı?!
Gör nə qədər doğmalar var,
Həsrəti qəlbimi əzir.

ElLƏ SUSDUM DAŞ BİLDİLƏR

Bu nə yerdi, bu nə dövran,
Kim göndərdi bura məni?
Bir yol gördü div adamlar,
Yüz yol çəkdi dara məni.

Duyduqlarım duymadılar,
Dərd yedirib doymadılar,
İçimdə yer qoymadılar,
De, gizlədim hara məni?!

Hər gün bir ümid yıxıram,
Qalaq-qalaq qəm yığıram,
Daha özümdən çıxıram,
Özgələrdə ara məni.

Baharımı qış bıldilər,
Nə etdim çaşbaş bildilər,
Elə susdum daş bildilər,
Hördülər divara məni.