Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ Bürosunun Rəhbəri, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü
AĞLAMA
Göz yaşınla gəl kövrəltmə məni sən,
Dərd olmasın, yolumuzda çiləkən,
Bilirsən ki, dərd çəkənəm, dərd çəkən,
Qoyma dinsin, ağrım, acım, ağlama.
Sən şəkərim, sən şərbətim , balımsan,
Sən sevgilim, sən qanadım, qolumsan,
Demirəm ki, sən insafsız, zalımsan,
Təkcə sənsən, ehtiyacım, ağlama.
Haqq özüdü, hər insanın pənahı,
Aşiqinin vallah yoxdu, günahı,
Hər gecənin, gülüm, vardır sabahı,
Əlindədir hər əlacım, ağlama.
Sevgi varsa, yoxdu hicran, dərd, kədər,
Boylanacaq nurlu günəş hər səhər,
Gül ki, döysün, qapımızı xoş xəbər,
Yoxdu daha anam, bacım, ağlama.
Göz yaşına dəyməz vallah bu dünya,
Mələkləri gəl çağırma bu haya,
Şükür eylə, bu qismətə, bu paya,
Tale yazan bar ağacım, ağlama.
Sən güləndə, gülür yer- göy, bu cahan,
Qoyma gəlsin üstümüzə qəm , hcran,
Əziz deyir, qurban olsun, sənə can,
Ömrüm, günüm, taxtı- tacım, ağlama.
TAPŞIR GÖZLƏRİNƏ
Gözlərin gör necə, naz ilə baxır,
Elə bil zülmətdə, şimşəklər çaxır,
Bu oda, alova, neyləsin fağır,
Tapşır gözlərinə, dinc dursun bir az.
Mən dözə bilmirəm atəşə, oda,
Onsuz da istidi, indi hava da,
Bir od parçasısan, sən bu dünyada,
Tapşır gözlərinə, dinc dursun bir az.
Üzmüsən onsuz da bu ürəyi sən,
Yox deyə bilmirəm vallah nə desən.
Sən mənim qəlbimin şahzadəsisən,
Tapşır gözlərinə, dinc dursun bir az.
Süzgün baxışların qorxusu çoxdu,
Qaşların bir kaman, kipriyin oxdu,
Vallah sənin kimi, can alan yoxdu,
Tapşır gözlərinə, dinc dursun bir az.
Səni görməyəndə gözlərim dolur,
Sənsiz ömür, günüm cəhənnəm olur.
Sənsiz günəş batır, çiçəklər solur,
Tapşır gözlərinə, dinc dursun bir az.
Hər gün od tökürsən, alovun üstə,
Dərd gəlir üstümə, hey dəstə-dəstə,
Əzizi yandırma, ay boyu bəstə,
Tapşır gözlərinə, dinc dursun bir az.