Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ Bürosunun Rəhbəri, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü
XOŞ GƏLMİSƏN
Qar əriyir, çaylar daşır, sellənir,
Nərə çəkib, lal qayalar dillənir,
Çeşmə üstə, salxım söyüd tellənir,
Ana Vətən oğlun, qızın bəxtiyar,
Yurdumuza xoş gəlmisən ey bahar.
Al geyinib gilənarlar, alçalar,
Bəzyibdi yamacları xalçalar,
Qayalardan süzən sular, əl çalar,
Çeşmələrə keşik çəkər, xan çinar,
Yurdumuza xoş gəlmisən ey bahar.
Gözəl bahar, nə gözəldi vüsalın,
Zirvələrə qanadlanıb xəyalın,
Gözəllikdi əzəl gündən amalın,
Bu diyardan, gözəl, bir diyarmı var
Yurdumuza xoş gəlmisən ey bahar.
Bənövşələr, qızılgüllər nazlanır,
Gözəllərin yanaqları allanır,
Hər budaqdan neçə çiçək sallanır,
Hər çiçəyin arzular,ı şirin bar,
Yurdumuza xoş gəlmisən, ey bahar.
Şəlalələr yenə coşub, çağlayır,
Sünbül qalxıb yolu, izi bağlayır,
Bir cənnətdi, yaşıl çəmən, çöl- bayır,
Zirvələrdən yavaş-yavaş gedir qar,
Yurdumuza xoş gəlmisən ey bahar.
Qızılgülün düymələnir yaxası,
Hər çiçəyin təzələnir butası,
Bir aləmdi yazın nazlı havası,
İndi-indi qönçələnir heyva, nar,
Yurdumuza xoş gəlmisən, ey bahar,
Gün uzanır, günəş qalxır taxtına,
Hər qayaya çəkilbdi bir xına,
Qaranquşlar uçub gəlir, yaxına,
Məhhəbbətdən söhbət açır, yara, yar,
Yurdumuza xoş gəlmisən, ey bahar.
Əzəl gündən sən olmusan həmdəmim,
Sən gələndə yoxa çıxır dərd, qəmim,
Çəmənlərə göz yaşıdı şəbnəmim,
Nanə, yarpız el-obaya ilk nubar,
Yurdumuza xoş gəlmisən, ey bahar.
Yamaclarda qoyun, quzu hey mələr,
Yaxalardan bir-bir qopar düymələr,
Gəlişinlə yaradırsan gör nələr,
Məclisləri tay bəzəyir kaman, tar,
Yurdumuza xoş gəlmisən ey bahar,
Gözəllikdən ilham alır, bu ürək,
Əziz Musa səni sevir Kərəm tək,
Bayramımız mübarəkdir, mübarək,
Gözəlliyə düşmən baxıb, olur xar,
Yurdumuza xoş gəlmisən, ey bahar.
BİZİ BAĞIŞLAMAZ
Qarabağda ermənilər prezident seçkiləri keçirir.
Azdıq yolumuzu dumanda, çəndə,
Sevən qəlbimizi həsrət dağladı,
Doğma yurd-yuvanı qoyub gələndə,
Dərələr hönkürdü, dağlar ağladı,
Bizi bağışlamaz vətən torpağı.
Torpağı böldülər, yurdu satdılar,
Çoxları yüyürdü kabab iyinə,
Şuşada, Laçında ocaq çatdılar,
Bizi yük etdilər elin çiyninə,
Bizi bağışlamaz vətən torpağı.
Min oyun açdılar xalqın başına,
Təzə qanun yazdı əyri adamlar,
Qiymət oxudular hər qarışına,
Yurda sahib çıxdı ayrı adamlar,
Bizi bağışlamaz vətən torpağı.
Bizə çox gördülər havanı, suyu,
Hər kənddə, şəhərdə bazar açdılar,
Yaman dərin oldu daş düşən quyu,
Pərvanə oğullar oddan qaçdılar,
Bizi bağışlamaz vətən torpağı.
Ar-namus satdılar pul hərisləri,
Qarabağ satıldı bir kresloya,
Daha satılmağa torpaq qalmadı,
İndi boylanırıq günəşə, aya,
Bizi bağışlamaz vətən torpağı.
Bu dərdi, kədəri kimsə bölüşmür,
Torpaq azlıq edir tamahkarlara.
Günahkar bəndəyə fatihə düşmür,
Torpaq qucaq açmaz günahkarlara,
Bizi bağışlamaz vətən torpağı.
Bəs niyə tapılmır bu dərdə yiyə,
Məzar da satılır pula, sələmə,
Hər səhər dayanın üzü qibləyə,
Satqına, namərdə rəhmərt diləmə,
Bizi bağışlamaz vətən torpağı.
Qalıb gor yerləri, beşik yerləri,
Hərə can ağrımız, yaramız təzə,
İndi harda qazaq biz qəbirləri,
Halallıq verərmi Qarabağ bizə,
Bizi bağışlamaz vətən torpağı.