VƏTƏNDAŞ SƏRÇƏLƏR…
Olsa da hər zaman elnən iç-içə
ona dənli yerdə sədd hörübdülər,
Vətəndir,neynəsin balaca sərçə?
arpa kəpəyin də çox görübdülər.
O qədər kövrəkdir doğma görkəmi;
Mil-Muğan,Şirvanlı,Qarabağlıdı,
o da mən gündədir–ölənə kimi
hara Vətəndirsə,ora bağlıdı!
Sapandla vurular,ölər,qovrular-
saraylar,məclislər yasaqlı yerdi!
əsgər də,şəhid də sərçələr olar,
yekəpər durnalar fərarilərdi!
Sərçə taleyi də,özü də kiçik,
vəfalı qəlbini duyan olmayıb,
ədası-pırıltı,hədəsi-“Cik-cik”,
odur ki,sərçəni sayan olmayıb!
Payızda qayıdar,baharda gələr-
durnalar qonaqdır;gəlib-gedəcək,
Vətən çəpərinə sadiq sərçələr
çəpərlər dibində ölüb-gedəcək…
Binəsi-kollarda,Vətən daşında,
nə mükü,nə gölü,nə adası var;
amma ki,köçəri qaranquşun da
yerliyə şəriklik iddiası var!
Bizimlə birlikdə gülüb-ağlayan
bu Yurdun balaca sərçələridir,
bəlkə də sərçəni cılız saxlayan
millət təəssübüdir,Vətən dərdidir?
Bir döyüş şeypuru çalın ucadan,
düşməni döyməyə görün–kim gedir!?
sərçə taleyini yaşayan insan
taleysiz yaşayan sərçə kimidir…
AÇIN BÜLBÜLLƏRİN QƏFƏSLƏRİNİ…
Durnalar qürbətdə gəzər dənini,
qar yağdı–sərçələr acdır dünəndən,
açın bülbüllərin qəfəslərini–
ya eşqdən oxuyar,ya da Vətəndən.
Açın bülbüllərin qəfəslərini;
güllərlə ayrılıq bu qədər olmaz!
qəfəsdə çəksə də candan əlini,
könül nəğmələri qəfəsdə qalmaz.
Qəfəs nəğmələri-azadlıq himni,
gah zülmət,gah işıq qələbə çaldı,
qəfəs sahibləri–Vətən xaini,
qəfəsə salınan Vətəndaş oldu!
Vaxt oldu xəyanət torlar toxudu,
Yurdumun tarixi ala-buladı!
uca budaqlarda qarğa oxudu,
yaşıl ormanlarda bayquş uladı.
Açın bülbüllərin qəfəslərini,
nəğməli ömürlər getməsin hədər,
xainlər olmasa hamıya dəni,
Vətənin havası hamıya yetər…