BAYQUŞUN….
Məskəni bilinməz bu qarışıqda,
ulamaq-sevdiyi peşə-bayquşun,
bütün canlıların yurdu işıqda,
meşədə qaranlıq guşə-bayquşun.
Elə bil dünyaya əbədi gələr,
köçər dövranından neçə nəsillər,
palıdlar quruyar,şamlar kəsilər,
görməz ölməyini meşə-bayquşun
Yer üzü yansa da-düşmədi oda!
nəyin qüdrəti var bayquşluğunda?!
nə olur,İlahim,bu gen dünyada
mənə də bir işi düşə bayquşun!
Kar olar könüllər yaxan fəryada,
o, varkən-sərçələr yetməz murada!
nəğməkar aşiqin səsi batsa da,
batmasın bülbülə dişi bayquşun!
Görüb-xəbardardı “Nuh gəımisindən”,
o vaxtdan nələri xəlbirləmisən,
a Dünya,bayquşla əlbimisənim sən?-
hər yerdə baş olur işi bayquşun…
14.01.2017.
İncimə
Eşidəndə dəyişmişəm dünyamı,
Çiçəklər də haray salsa, incimə,
Demirdinmi: “Alacaqsan canımı”
Ruhum getsə,canım qalsa, incimə.
Heç bildinmi, sənnən nələr çəkdi can?
Dərdlərinnən bildin necə çökdü can?
Bir dənəydi, elə bildin çoxdu can?
Vicdanında qanım qalsa, incimə.
İstəməzdim ömrüm solan bağ olsun,
Mənsizliyin bir dözülməz dağ olsun,
Qoymadın ki, bircəciyi ağ olsun
Günlər sənə qənim qalsa, incimə.
Yurdum-yuvam oldu hara?-Bilməsən,
Ürəyimi bir də qıra bilməsən,
Məzarıma yaxın dura bilməsən
Məni cahan yola salsa, incimə.
Kar qəlbini daha necə səsləyim?
Sevgidənsə bəlkə nifrət bəsləyim?
Daş ürəklim, can çürüdən tərsliyin,
Məni sənnən vaxtsız alsa, incimə….