O gedən qatarın son vaqonu
sənin ürəyindi
bomboş
soyuq…
Arada ürəyindən xəbər tut
hörümçək tor qurar
mənsizlikdən…
Yazdığın şeirin
son misrası mənəm
nöqtə qoya bilmirsən-
birdən ardını yazarsan deyə
bir zərrə ümidin qalıb-
bəlkə işığı
geri qayıtmam üçün
yollarımı aydınladar deyə…
Yağış gecikən kimi…
Bir-birimizə gecikdik
yarpaqları saralan
budaqları quruyan ağaca
yağış gecikən kimi…
Göy üzü bir az tez tutulaydı
buludlar gecikməyəydi
mehriban olmağa…
Birimiz tez çıxaydıq evdən
birimiz gecikəydik
təsadüfən rastlaşaydıq
qağayıya dönəydik
görüşəydik dəniz yurdumuzda
zaman bu zaman olmazdı
illər də bu illər
nə sən ruhuna xəyanət edəydin
nə də mən
sevəydik bir-birimizi
qağayılar dənizi
dəniz qağayıları sevən kimi…