Arzularım, diləklərim sənə yüzdü, mənə min,
Yanaqların nəm görməsin sənin kimi sənəmin.
Yolçu sən ol, yol mən olum, keç üstündən sinəmin,
Uzaqlığın məndən ötrü hicran deyil, bəs nədir?!
Gözəlliyin gözlərimin qarasıdır, ağıdır,
Ürəyimdə məcnunluğun zilə qalxan çağıdır.
Dalğalar var, sahilləri döyür, didir, dağıdır
Varlığımda baş qaldıran tufan deyil, bəs nədir?!
Baxışınla baxışımı oxşa incə, sev incə,
Göz dəyməsin gözlərində güllər açan sevincə.
Belə vurğun baxmağını günah sayma bu gəncə,
Günəbaxan al Günəşə heyran deyil, bəs nədir?!
Əvəzimdə hər kim olsa, yaşamaqdan bezərdi,
Gözləməkdən duyğulanm köz-köz olub közərdi.
Daş olsaydı ömrü boyu həsrətinə dozərdi,
Əriməzmi bu Zəlimxan, insan deyil, bəs nədir?!