This image has an empty alt attribute; its file name is ustadzelimxanyaqub.jpg

Ölüm yatağında bir qarı gördüm,
Solmuş bir çiçəkdi, budaqdan düşüb.
Boylanmaq istəyir, göz aça bilmir,
Ağrılar canına sazaqdan düşüb.

Təsəlli ləngitmir, dayaq saxlamır,
Gedir son mənzilə, ayaq saxlamır,
Nişan üzüyünü barmaq saxlamır,
Gəlinlik sırğası qulaqdan düşüb.

Toxunmur xalısı, daranmır yunu,
Görünür gözünə dünyanın sonu.
Qalıb urvalığı, qurtarıb unu,
Asılmır qazanı, ocaqdan düşüb.

Kəmər kənardadı, beldən ayrılıb,
Daraq toz içində, teldən ayrılıb,
Ən gözəl söhbəti dildən ayrılıb,
Ən şirin nəğməsi dodaqdan düşüb.

Dağ aşır, düz keçir ömrün yolları,
Əyilir sabahdan axşama sarı.
Ömrün səfərini bitirir qarı,
Güzarı yenə də torpaqdan düşüb!