Filologiya üzrə fəlsəfə doktoru,
Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Kitab Evi” İctimai Birliyinin sədri

QAZİLƏRİ SALAMLAYIRAM

Döşünə qəlpəni qızılgül kimi,
Taxan Qaziləri salamlayıram.
Düşmən üzərinə çoşğun sel kimi,
Axan Qaziləri salamlayıram.

Üz-üzə dayanıb mənfur yağıyla,
Keçib imtahandan can sınağıyla,
Girdiyi meydandan tək ayağıyla
Çıxan Qaziləri salamlayıram.

Gedib babaların şanlı iziylə,
Savaşa atılıb bıçaq-nizəylə..
Gözünü itirib, könül gözüylə,
Baxan Qaziləri salamlayıram.

Payız gətirsə də ömürünün yazı,
“Cəngi”də dil açdı qəlbinin sazı,
Qoymadı zəfərə bizi tamarzı,
O xan Qaziləri salamlayıram.

Adilə Nəzər 06.12.2020

*Eşq olsun, Salam olsun Azərbaycan igidlərinə!
Onların sayəsində

QarabağAzərbaycandır


Açılsa yenidən tutqun havalar,
Başımız üstündən bulud dağılsa..
Mənim taleyimə yazıl, nə olar,
Bu fani dünyaya bir də doğulsan..

Çox olar yəqin ki, üzünə gülən,
Az olar mənim tək qəlbini bilən.
Ağzımın bu acı vaxtında gələn,
Xoş rəftar, ləziz dad, şirin noğulsan.

Axı nə sən doğma, nə də mən yadam..
Sən qısqanc, mən isə azad qadınam.
Məni öldürməyə nə var ki, adam,
Məni yaşatmağa çalış, oğulsan.

03.05.2021


Özümü düşünəndə yadıma sən düşürsən,
Göyərçin qanadıtək qopur içimdən bir ah.
Mən tənhayam, sən Təksən, bəlkə sən də üşürsən,
Elə isə halımı özün bilirsən, Allah.

Yaralayır dərinə süzülən göz yaşları, –
Heyif, qoymaq olmayır ürəklərə sarğılar..
Dağıdıb buludları, kəssəm də yağışları,
Qalır gicgahlarımda zoqquldayan ağrılar.

Nə olar, hisslərimə hörmət elə, bəd demə,
Çəkdiyimi duy yetər, başqa heç nə arama.
Sənə sual verməyə qorxuram, nə həddimə,
Amma niyə fələyin duz basır hey yarama.

Mən Özümün oduna pərvanətək yanıram,
Alovumdan cücərir arzuların hər dəni.
Sənin Bir olduğuna ürəkdən inanıram,
Aç, sənə qurban olum, aç, aradan pərdəni.

Bilirəm, hər varlığı sevgilə bəzəmirsən,
Uzağa getməliyəm bu fikir, bu ağılnan.
Mən sənə bənzəsəm də, sən mənə bənzəmirsən,
Gücündən pay ver mənə, ey özündən doğulan.

01.05.2021