Yenə güllər açdı, mövsüm yaz oldu,
Gözümdən sükuta dama bilmədim.
Darıxmaq o qədər əlçatmaz oldu,
Darıxa bilmədim, uma bilmədim.

Qışın sərt üzünü unutdu torpaq,
Bir quş cəh-cəhiylə günəş oyandı.
Çəkildi torpağa yaşıl bir duvağ,
Güllər çeşid-çeşid rəngə boyandı.

Bir ətrin sevgini itirdiyi suç,
Bir ətrin üstündə ümid tapıldı.
Çır-çırpı daşıdı ana qaranquş,
Eyvana bir qəşəng yuva yapıldı.

Bir gülə uzandı kəpənək əli,
Kəpənək gül oldu, gül də kəpənək.
Hardasa dodağı qaçdı bir gülün,
Kəpənək ətriylə açdı bir çiçək.

Yaz şeiri

Göyərib göy üzünün
damarı gömgöy yenə.
Dəli yaz havasını
rüzgar geyib əyninə.

Havalanır torpağın
budaqlanan əlləri.
Tökülür bağ – bostanın
təzə açan gülləri.

Səpələnir hər yerə
qar kimi ağ çiçəklər.
Başlayır tədarükə
qarışqalar, böcəklər.

Uzaqlardan yol çəkir
yenə torpağın gözü.
Buludların su yükün
sağacaqdır göy üzü.

Bir can gəlir dünyaya
hər açılan ləçəklə.
Torpaqdan ətir çəkir
bal qoxuyan çiçəklər.

Bu yaz da bir xəyaldır,
yolların azmaq olar.
Bu yazın hər telinə
bir Şeir yazmaq olar.

Hər kəsə qismət olmaz
sevənlərə qoşulmaq.
Nə deyim?!
Gözəl idi
sənin məftunun olmaq…

Qarşımızda sədd olan,
Hər nə vardı, boş idi.
Keçib bütün yollardan
sənə gəlmək xoş idi.

Xəyal qürub edəndə
ümid gün tək doğardı.
Yağış kimi sevilmək,
gül kimi sevmək vardı.

Bütün gün, bütöv ömür
belə sevdaya fəda,
Hərdən tənhalıq yükü,
təklik hissi olsa da.

Mən qurdum xəyalların
ən safın, gözəlini.
Anan xonça bəzəyib
gəlin edirdi məni.

Cütləyib əllərini
qısaraq boş bağrına,
Gözəl idi
xəyalən
Ana olmaq oğluna.

Hər kəsə qismət olmaz
sevənlərə qoşulmaq.
Nə deyim?!
Gözəl idi
sənin məftunun olmaq.