Söz ayağım altında

Haqdan gələn haqqıma
Bir kağız kölgə salıb.
Çoxundan hündür boyum
Çox vaxt kölgədə qalıb.

Bir biləsən bu kölgə
Bəxtimə hardan düşüb.
Dərdlər bəxtəvər olub,
Dərdlər burda görüşüb.

Kiçik olsun, ya böyük,
Qaxınc olsun, ya da görk,
Daşıyıram kölgəmi
Yarı qürur, yarı yük.

Öz başımın kölgəsi,
Öz ayağım altında.
At, kölgəmə atılan
Söz ayağım altında.

2007.

Kimə qucaq açdımsa

Kimə qucaq açdımsa,
tikantək gəldi üstümə,
didik-didik etdi ruhumu, canımı,
durdu qəsdimə.

Kimə qucaq açdımsa,
qamçıladı qollarımı,
nə bacardı
baltaladı kölgəmi, izimi,
qılıncladı yollarımı.

Kimə qucaq açdımsa,
can söylədim,
canına ağrı aldı,
barmağımı bal elədim,
zəhər-zəhrimar sandı.

Kimə qucaq açdımsa,
dost dedim, düşmən oldu,
düşdü izimə,
qaçdım başım əlimdə,
mənə başımı qorumaq qaldı.

Kimə qucaq açdımsa,
xəyal qırıqlığı,
etibar,
etimad itkisi
divan tutdu bağrıma,
oturub fatihə oxudum
qucaq açdıqlarıma.

Mən adda günahın ola.

Tükənib son nəfəs kimi
Çəkdiyin hər dolu ahda,
Mən adda günahın ola,
Boğulasan bu günahda.

Mən cənnətəm, mən cəhənnəm,
Arzulama, məni belə,
Bihuş edib cənnətimdə,
Yandıraram yanğım ilə.

Günahdırsa adı əgər,
Bəxtəvər başına bunun,
Bir şey ki, yeri könüldə,
Kimə günah, kimə qanun.

Tanrı duası sayılar,
Bir hökmü vermişsə ürək.
Təki günahın mən olum,
Günahkarlar da sənintək!