Gözlərimdə qara bulud-
Yağım sənin yoxluğuna.
Yaşa, yaşa ölənədək,
Baxım sənin yoxluğuna.
Haqlısan, haqsan, əyilmə,
Könlümdə sağsan, əyilmə,
Zirvəsən, dağsan, əyilmə,
Qalxım sənin yoxluğuna.
Tapammırsan? Tapmacadı!
Adın gizli hər hecada.
Qurban olsun bu gecə də
Yuxum sənin yoxluğuna.
Sonra düşündüm ki,
Qoy hamı getsin,
Getdilər… Getsinlər,
Əcəb iş oldu.
Sonra düşündüm ki,
Unudum mən də,
Sonra unutmaq da
Pis vərdiş oldu.
Unutdum hər şeyi,
Hamını bir-bir,
Unutdum doğmanı,
Unutdum yadı.
Yadımdan çıxmağa
Hazırdı hamı,
Heç kim yaddaşımda
Bir iz qoymadı.
Nə oldu? Arzuya çatmışammı bəs?
Ömrün hansı çağıdı?
Uzun bir boşluğa
Zilləmişəm gözümü,
Saçım əllərimin oyuncağıdı.
Soyuyuram hər şeydən,
Tamam ruhdan düşürəm.
Göyün mavi üzündə
Qalan ruhum qəribdi.
Bir quşun dimdiyində
Yerə düşən dən kimi
Yetişibdi əllərim,
Tanrı mənim əllərimi dəribdi.
Bekara qayğılar başımı qatır,
İş-güc, ev-eşik, bir də –
Nə yaxşı var – uşaqlar.
Ömrüm boyu darıxdığım
Kimdir, nədir – bilmədim,
Yanağımın divarından asılıdı uzaqlar.
Sınıq güzgü
Axşam qaraldır yolları,
Göy üzündəki gün düşür.
Keçirsən bir sınıq güzgü önünə,
Şəkil çəkdirirsən.
Görürsən ki, şəklin də üzgün düşür.
Sonra əllərini salıb yanına
Dolaşırsan gecələyən küçəni.
Neçəyədək sayım sonra qayıtsın?
- Ürəyindən gülmək keçir,
Üçəmi?
Qəfil dayanırsan!
Düşür yadına –
O sınıq güzgün düşür…
Mən heç səni unutmuram, İlahi,
Sənin yadına kim düşür?!