Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Kredo” qəzetinin Baş redaktoru 

Xalq artisti Vamiq Məmmədəliyevə
Vamiq tar çalırdı… dərdli simlərdə
Ağrı alovlanır, əzab yanırdı.
Xəyal səhrasında yanan qəmlərdə

Bir eşqin karvanı sıralanırdı.
Mizrab tutan əllər pərdələr üstə,
Məcnundu – səhrada Leyli soraqlar.
Ruhum can quşudur uçub ahəstə,

Tale kitabımı açar, varaqlar.
Simlərdən od qalxır, vulkan püskürür,
İnsan Allahına asidir, bəlkə?!
Kəsilən başdımı – al-qan püskürür

Bircə son umidin yasıdır, bəlkə?!
Simlər nalə çəkir, fəryad qoparır,
Bir şair anası güman istəyir.
Məcnunu Kəbəyə niyyət aparır,

Bir ata göylərdə aman istəyir.
İnadı səhrada qumlara batan,
Bir karvan sürünür toz dumanında.
Allahı yoluna bələdçi tutan

Bəndələr yanılmaz öz gümanında.
Dayan, ustad, bir an, bir nəfəs alım,
Görüm ki, mən niyə alovlanıram.
Min dərdin hansının hayına qalım,

Hansına deyim ki, axı yanıram?!
Məcnun mən deyiləm; səhrada yanan
Bir eşqin dərdini daşıyıram mən.
Onsuz da edamda qana boyanan,

Aşiqin ömrünü yaşayıram mən.
Açma yaxasını sirlərin hələ,
Çoxları bilməz ki, sən nə deyirsən?
Çoxları əyilər hər əsən yelə,

Bir eşqin önündə sən baş əyirsən.
Mən sənin dilini bilirəm, ustad,
“Çoban bayatı”dı mənim həyatım.
Tarın simlərindən qalxan bu fəryad,

Mənim oxşamamdı, mənim bayatım.
…Vamiq tar çalmırdı, ürək çalırdı,
Telləri al-qana batırdı tarın.
Yanğısı dərdindən qisas alırdı,

Durna harayında ötən “qatar”ın.
Haqqın dərgahına Dədə Ozanın,
Yolu simlər üstə közə tutulur.
Qələmi sınaydı bəxti yazanın

Şair də yanmağa sözə tutulur.
Vamiq tar çalırdı… ruhum simlərdə,
Məhşər ayağından keçib gedirdi.
Mələklər göylərdən baş əyib dərdə,
Səsi pərdə-pərdə içib gedirdi.

                               Avqust,2016
                                ƏLİ RZA XƏLƏFLİ