Şuşada görkəmli Azərbaycan şairi və dövlət xadimi Molla Pənah Vaqifin məqbərəsinin açılışı və Vaqif Poeziya Günlərinin keçirilməsi ictimaiyyət arasında böyük maraq doğurmaqla yanaşı, həmçinin mühüm ədəbi hadisəyə çevrildi. AZƏRTAC həmin tədbirlərin iştirakçısı olmuş Xalq şairi Vahid Əzizin Şuşa təəssüratlarından bəhs edən qeydlərini təqdim edir.
Şuşaya aparan Zəfər yolu xalqımızın şərəf və şöhrət yolu, millətimizin mərdliklə qoruya bildiyi ləyaqət yolu, kimin-kim olduğunu bütün yer üzünə car çəkib bəyan edən qürur yoludur!
Bundan sonra Qarabağım daha şaqraq güləcək,
Bütün dünya, nurlu cahan – “Azərbaycan” deyəcək…
Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan əsgəri millətimizi, xalqımızı, torpağımızı, hələ uzun illər boyu sürə biləcək xəcalətdən, demək nə qədər ağır olsa da, üzüqaralıqdan qurtardı!
Mən Vətənimizə qarşı namərd düşmən tərəfindən başlanmış təcavüzlə bağlı onlarla şeir yazdım, müxtəlif dövrlərdə çıxan kitablarımda onların bir qismini çap etdirdim. Son şeirlərimdən birində belə yazdım: “Utanıram deyəndə Qarabağdan gəlirəm…”. Ulu Tanrının sevdiyi ləyaqətli millətimin cəsarəti ilə əbədi olaraq bizə ərməğan olan Şuşadan döndükdən sonra hər kəsə qürurla deyirdim: “Qarabağdan, Şuşadan gəlirəm!”
Azərbaycanlıların yüksək həvəs və şövqlə salmaqda olduğu “Zəfər yolu” avqustun 29-da saat 16:30 radələrində bizi Şuşamızın qapısına çatdırdı. Yol boyu yeni ucaldılmış yüksək gərginlikli elektrik xətlərinin gümüş kimi parıldayan hündür dayaqları onların yenicə quraşdırıldığından xəbər verirdi. Qalın meşənin, sıldırım qayaların arasından keçərək mədəniyyət paytaxtımız Şuşaya Azərbaycan nurunu daşıyan elektrik xətləri uca bir təpənin üstündə ötürücü stansiyaya daxil olur, oradan isə düşməni kor edən gur işığa çevrilirdi.
Ötən ilin noyabrında qazanılmış möhtəşəm Qələbəmizdən cəmi on ay keçməsinə baxmayaraq, azad olunmuş bu yerlərdə yüz ilə bərabər işlər görülüb. İnanın mənə!
Şuşada birinci müşahidə etdiyim bu oldu – elə bil buralarda heç müharibə, qanlı döyüşlər olmayıb! Şəhər adamın üzünə gülürdü. Bu mənzərəni görəndə “Kübarlıq və alicənablıq insanda əsasən anadangəlmə, qanda olur” fikrinə bir daha inandım. Şuşa təxminən bir qərinə düşmən əsarətində qalmasına baxmayaraq, öz bəyzadəliyini, kübarlığını qoruyub saxlaya bilmişdi! Düzdü, avqustun sonlarında Şuşada “Xarıbülbül” açıb-solmuş olur, amma bülbüllər qalır. Yerləşdiyimiz “Xarıbülbül” mehmanxanasının yaraşıqlı həyətində səhər-səhər gəzintiyə çıxanda Şuşa bülbüllərinin nəğməsini eşitdim. Bülbüllər hər zaman – Pənahəli xanın, Xan qızı Natəvanın dövründə oxuduqları kimi yenə də Ana dilimizdə nəğmələr deyirdi. Bülbüllər də öz kübarlığını qoruyub saxlaya bilmişdi, çünki onlar zindandan betər olan asudəlikləri dövründə lal olmuşdular, oxumurdular. Çünki qaniçən yağı düşmən Azərbaycan dilində danışan istənilən varlığın dilini kəsirdi.
Şuşanı ilk dəfə deyildi görürdüm. Hələ gənclik illərimdə burada dəfələrlə olmuşdum. 1982-ci il iyulun 29-da xalqımızın ümummilli lideri Heydər Əliyevin Şuşaya səfəri zamanı mən də iştirakçıların tərkibində idim və tədbirləri işıqlandırmaqda kütləvi informasiya vasitələrinin işçilərinə yardım edirdim.
Şuşada son dəfə 1989-cu ildə, özü də bir neçə dəfə oldum. O vaxt Azərbaycan SSR Ali Sovetinin qərarı ilə yaradılmış Respublika Təşkilat Komitəsinin üzvü kimi şəhərə müntəzəm olaraq gedirdim. Şuşa o zamanlar artıq qanıqara, bədbin və ümidsiz günlər yaşayırdı. Şəhərin yaxınlığında olan Topxana meşəsində baş verən olaylar, quduzlaşan düşmən qüvvələrinin şəhər ətrafında həvirləşməsi qədim diyarımızın ağır günlər və illər yaşayacağından xəbər verirdi.
Bu dəfə Şuşanı gülən, sevinən, şadlanan gördüm. Qədim nağıllarımızdan birində deyilir: “Hökmdarın ayağı tez-tez dəyən yerlər gülüstana çevrilər”. Bu baxımdan Prezidentimizin Şuşaya müntəzəm səfərlər etməsi bu qədim şəhəri dirçəltdi, sanki Şuşa bülbüllərinin dilini açdı. Milli Ordumuzun tanış çıxdığımız bir əsgəri dedi ki, bu il xarıbülbüllər də şəkillərdə gördüyündən daha gözəl açmışdı.
Şuşada cəmi iki hündür tikili var – biri yenidən və əsaslı şəkildə təmir olunmuş “Qarabağ” mehmanxanası, digəri isə möhtəşəm Vaqif məqbərəsidir.
Möhtərəm Prezidentimiz ötən il noyabrın 8-də Şuşanın azad olunması xəbərini verəndə sevincdən qəhərlənərək dediyi “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” vədinə əməl elədi. Prezidentimiz verdiyi hər bir sözə əməl edir. Bu keyfiyyət də ölkəmizin rəhbərində irsən yaşayır. Şuşa dirçəldi və dirçəlir. Qısa bir zamanda Şuşa gözəl və böyük şəhər olacaq.
Məncə, Prezidentimiz və Ali Baş Komandanımızın məhz böyük şairimiz Molla Pənah Vaqifin məqbərəsini bu qədər qısa müddətdə həyata qaytarmasının əsas səbəbi onun sözün gücünə olan inamından və sözə olan ehtiramından irəli gəlir. Şair sözü Müzəffər Ali Baş Komandanımızın, qəhrəman Azərbaycan əsgərlərinin qüdrətini dünya durduqca yaşadacaq…