Onsuz mümkün olmaz bu həyat,yaşam,
gəlməz bir araya “əzəllə”-“axır”,
Günəş Tanrımızın əlində bir şam–
yandırıb qaranlıq cahana baxır,
O,göydə kürədir,canımda atəş,
özü istəyəndə alışıb-sönür,
Ərşdə gümüş kimi parlayan Günəş
üfüqə çatanda qızıla dönür,
Hərdən istəmişəm toxunum,dəyim,
yaxına gələndə rəngi saralır,
ürəyim istini gözəl Günəşdən,
soyuğu soyuyan sevgidən alır,
Mənim anlamımda Ata ocağı,
Ana nəfəsi də,Vətən də Günəş,
hüdudsuz səhrada sünbülsayağı
bar verən,gül kimi bitən də Günəş…
14.09.2019.