Və bir gün adamın əlləri
qadının qırmızı donunun
qanına bulaşdı…
Göz yaşları
çiçəklərin açdığı yerdə,
hər sabah
kitab oxuyan adama bənzədi.
Gözləri şişkindi.
Bir udum hava kimi
ətirləndiyi
güllərə borcun ödəmək istəyəndə,
əlləri yadına düşmüşdü.
Qadını
qırmızı donunun içindən
çəkib çıxartmışdı adam.
Qadın yenə də
ölümünə gülümsünmüşdü.
Bir qadının ölümü
bir adamın əlində qan kimi qalacaqdı…
Əlləri qanlı adamlar
qırmızı donlu qadınlara
aşiq olmadan ölməli…
* * *
Yarpaqlar ağacdan boşanma dövrünü yaşayır,
Ağaclar aliment vermir yenə.
Aliment bir quş yuvası, budaqlardan qopmur.
Yuvalara küləklər dolur,
Yağışlar balalayır.
Yarpaqları hamilə etdiyini unudub ağaclar,
Ağaclar yazda yeni yarpaqlar əzizləyəcək,
bəsləyəcək, böyüdəcək.
Yarpaqlar meyvələrini də itirir,
körpələrini də, kölgələrini də…
Aldanıb yeni küləklərə başqa dünyalara gedir.
Ağaclar aliment verməyəcək,
məhkəmələr bir süpürgəçi kimi
süpürəcək bütün xəyalları.
Yarpaqlar boşanacaq hər sonbahar…
Hər yarpağın bir ağac sevdası bitəcək…
Nə yaxşı ki, böyük şəhərlər var,
Adam adamı itirə bilir.
Adamın yarpaqları
adamının ağaclarından
boşanmağı öyrənsə, keşkə…