Filologiya üzrə fəlsəfə doktoru,
Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Kitab Evi” İctimai Birliyinin sədri

FƏSİLLƏR DƏYİŞİR

Sözalır göydə Günəş yellər uyudur bu yeri,

Dağılır odlu yayın səltənəti, bax, solaraq.

Yox olur təbiətin yazdığı ilk yaz əsəri,

Pozulur gülbaharın rəngi, itib yox olaraq.

Ruhu sarsır zəminin sapsarı çılpaq düzəni,

Gücü çoxdan tükənibdir işaran boz günəşin.

Titrədir həm də külək laləni, sünbül- süsəni,

Dalayır əllərimi sarmaşıqların güləşi…

Qarağaclar itirir sərvboylu qamətini,

Dağın dumanı tutur indidən tədarükünü.

Hava çiskinləyir.. Haqq göndərəcək nemətini,

Günün ömrü qısalır, gecələr çəkir yükünü.

Nə qədər solsa da rəngi, barı vardır payızın,

Bərəkət yağdıracaq qış… Təki yer, göy yaşasın.

Doyum olmaz dadına bir ömür də güllü yazın,

Tanrım, davamını göndər həyatın, qoy yaşasın.

20.10.2021

***

Heç təsəvvür etmədiyin bir yerdəsən…

Yaşanırsan misra-misra,

nəfəslənirsən sətir-sətir.

Bəzən sitəmimə,

bəzən əfvimə, bəzən sevgimə tuş gəlirsən…

Düzünü deyim ki,

hamısının haqqını verirsən – nuş gəlirsən…

Lap üzaqdan izlənirsən…

Payızın ətəyindən tökülən çiçəkləri toplayarkən,

Aylara, həftələrə sığacaq “sevgi”lərin

alnından öpərkən izlənirsən…

Ya da qaranlıqdan aydınlığa hamilə gecələrdən

yuxusuz çıxan vəfalı sevgili kimi…

Gizlənirsən qırıq qanadlarınla göz yaşımın nidasında,

Közlənirsən kəpənəklər adasında…

Bil ki, qəlbimdəki bu küskünlük tərk etmir məni..

Sadəcə gözlərindəki həyat eşqinə

bağışlayıram səni…

* * *

Bir ömür könlümün pərvanəsini,

O şamın başına döndərəm gərək.

Gözümün yaşıyla hər səhər-axşam,

Təşnə ürəyimi söndürəm gərək.

Sonadək beləcə susub, ah udam,

Qəlbimi atəşə, oda oxudam,

Nə ki duyğular var suya axıdam,

Nə ki hisslərim var, donduram gərək.

Tab edə bilmərəm tənə, qınağa,

Nələrdən keçərək gəldim bu çağa.

Bu bəxti götürüb atam ocağa,

Külünü başıma əndərəm gərək.

Dərdimi salmayam dilə-ağıza,

Sarılam üzümə gülən payıza,

Hönkürüb ağlayam bir ağ kağıza,

Allaha bir məktub göndərəm gərək. 

14.10.2021

Azərbaycan əsgərinə

Buludlara ucalan,

Dağın anlamı sənsən.

Elə zirvədəsən ki,

Çağın anlamı sənsən.

İnsanlıq varın – əmək,

Haqqındır barın yemək.

Borcumdur daim demək –

Bağın anlamı sənsən.

Şanın bəzər dilləri,

Oldun andının əri.

Aramızda ən diri

Sağın anlamı sənsən.

Gün yox günümüz təki,

Nurdur gözümüzdəki.

Bugün üzümüzdəki

Ağın anlamı sənsən.


11.10.2021