Filologiya üzrə fəlsəfə doktoru,
Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Kitab Evi” İctimai Birliyinin sədri

Dərgilərdən birinin “Özüylə söhbət” rubrikasına yazı vermək təklifi aldığımda ilk ağlıma gələn rubrikanın adının anlamı oldu. Və düşündüm ki, hər bir insan başqası ilə söhbət edə bilmək üçün öncə özü ilə söhbət etməyi bacarmalıdır.

Haradasa oxumuşdum ki, insan psixoloji baxımdan ikili şəxsiyyətdir. Bu fikrə əsaslanaraq deyə bilərik ki, özü ilə söhbət çox normaldır və hətta lazımdır (səssiz olduqda). Bu eyni zamanda əqli cəhətdən sağlamlığa işarədir.

Əlbəttə ki, işin bioloji təkamül tərəfi də var. Özü ilə danışmaq kamilləşmə, yenilənmə baxımından mükəmməl sağlam bir davranışdır. Bunu adətən uşaqlar və tək yaşayanlar daha çox edir. İnsanın danışıq qabiliyyətinin inkişaf etməsinin əsas səbəbi, onun sosial varlıq olaraq ünsiyyət sistemini təmin etməkdir.

Mən həyatımın axarını düşüncə gücümlə yönləndirə bilirəm. Amma təkcə düşünməklə deyil, düşündüklərimi həyata keçirməklə dəyişdirə bilirəm. Sıxıntılı zamanlarda yüksək səslə düşünürəm, çünki beynimdə düşündüklərim sıxıntıdan qurtarmağıma kömək etmir. Xüsusilə bu halım bir şeyə qərar verməyin çətin olduğu vaxtlarda daha çox baş verir. (bilmirəm, başqalarında necədir..)

Bir çox qələm adamları “gündəlik” yazırlar. Gündəlik yazmasam da, şeirlərimin bəzilərinin (evdə olan vaxtlarımda yazılanlar) əlyazması – qaralama şeir dəftərlərim var. Orada şeirlərdən başqa ara-sıra fərqli fikirlər, həmin anın dəyişik duyğuları da qeyd olunub ki, onlar bəzən şeirlərlə əkslik təşkil edir. Hərdən açıb baxıram, düşünürəm ki, heç bir gündəlik oxucu üçün yazılmır və yazılmamalıdır. Gündəliklər müəllifin bir növ özü ilə söhbətidir.

Qismət deyilən şey məncə ikiyə bölünür. Bir hissəsi insanın öz iradəsi ilə təyin olunursa da, digəri onun iradəsinə ziddir. Yəni həyat ssenari deyil, biz də rolumuzu oynamırıq. İradəmiz daxilində bütün seçimlərimizə cavabdehik. Məsələn, oxuduğumuz peşəni seçə bilərik, istədiyimiz dilləri öyrənərək bu yolda irəliləyə bilərik. Ancaq irq, boy və ailə kimi şeylər dəyişməz taleyin nümunələridir.

Son iki ildə pandemiya səbəbilə evlərə qapandıq. Özümüzlə danışmaq o qədər güclü bir ünsiyyət vasitəsinə çevrildi ki, öz daxili düşüncə proseslərimizi dinləməyə başladıq. Halbuki əvvəllər bunu daha az edirdik. Demək ki, insanlar özləri ilə tək qaldıqda, daha rasional qərarlar qəbul edə bilirlər və daha təsirli olma potensialına sahib olurlar. Doğrudur, bunlar mədəni və yaradıcı həyatımızda bizə fayda verən amillərdir, amma yenə də qismən də olsa azadlığımıza qoyulan məhdudiyyətlərin aradan qalxmasını və yenidən sosial həyata tamamilə qayıtmağımızı arzulayıram. Bir də tövsiyə edirəm ki, özümüzlə danışarkən özümüzə qarşı xeyirxah olmağı unutmayaq. Əlbəttə ki, bəzən özümüzə qəzəblənə bilərik, özümüzü tənbehləyə, hətta söyə də bilərik, bununla belə, özümüzü bağışlamamız, özümüzə çox ağır yanaşmamağımız daha sağlam qərarlar qəbul etməyimizə və lazımsız olaraq stresə düşməməyimizə kömək edə bilər. Özü ilə danışmağın ən böyük faydası budur: bu səs-küylü dünyada sizi dinləyən bir nəfərin olduğunu bilmək gözəldir.