Midhəd əfəndi sabah erkən darülfünuna gəldikdə oranın ingilislərin hind əsgərləri tərəfindən tutulduğunu gördü. Qapıda duruxdu, fikirləşdi, ağır bir həyəcan içində geri döndü. “Deməli, darülfünunumuza da əl uzatdılar”, – deyə öz-özünə düşündü və aylardan bəri əcnəbi işğalından təhqir olunmuş şərəfi bir daha əzildi.

Midhəd əfəndi Bayezid meydanı ilə gedərkən Türkiyənin keçirdiyi macəranın təhlili ilə məşğul idi. Müharibə qaib olmuş, məmləkət bilfel ingilislər, fransızlar, italyanlar, yunanlar tərəfindən parçalanmış, İzmir və civarı yıxılmış, türk qanı ilə boyanmış! İstanbul işğal altında, məmləkətin bütün münəvvər və alimləri Malta cəzirəsinə sürülmüş…

Midhəd əfəndi durdu, ayaqlarına bir zəiflik gəlmişdi, yürüyə bilmədi. Qəmli gözləri ilə ətrafa baxdı: hər tərəfdə ingilis polisinə və əcnəbi əsgərinə rast gəldi.

Bütün türkləri ac, səfil və sönük çöhrəli gördü… bu fəci mənzərədən acı bir həqarət duydu… “Bu işlər düzəlirmi?” – deyə içində bir şübhə doğdu. Bədbin bir halda yoluna davam etdi.

Divan yolundan Sirkəçiyə endi; yeni camenin yanından Qalata körpüsünə çıxdı. Sağ tərəfdən körpünün sürahisinə söykənib qaldı. Yazın gözəl günlərindən biri idi. Günəşin yaldızlı şuası boğaza dilfirib bir süs vermişdi – mavi dalğaların içində cilvələnirdi. Əzəmətli Dolmabağça sarayı sönmüş bir qürur ilə önündəki yunan zirehlisinə tamaşa etmədə idi.

Bəyoğlu başdan-başa yunan və əcnəbi bayraqları ilə donanmışdı… Midhəd əfəndi gözlərini yumdu, başını çevirdi.


Qarşıdakı Üsküdar xaraba bir qəbiristanı andırırdı. Arxa tərəfdən çıxan tüstü göyləri bürümüşdü – ingilislər meşələri millətçilərə məskən olmasın deyə yandırırmış…


Sağ tərəf mənzərəsi daha acı idi: gözəl Gülxana bağçası viranəyə dönmüşdü. Çiçəkliklər depo olmuş, ağaclar sınmış, güllər solmuş, bağçada daş kömür təpələnmiş, tel atılmışdı. Midhəd əfəndi iztirab içində geri çəkildi, rəngi üzündən götürüldü. Bir də əsəbi halda qırmızı fəsini gözlərinə yeritdi, laübalı bir vəziyyətdə İstanbula döndü.

Midhəd əfəndi evə dönmək istəmədi. Zatən evləri bütün əşyası ilə fransız zabitləri tərəfindən zəbt olunmuşdu və on başdan ibarət bir ailə İstanbulun uzaq bir guşəsinə kiçik bir yerə sığınmışdı. Оdur ki, Bayezid meydanına gəldikdə təkrar duruxdu, fikirləşdi və bir saatlığa da olsa, zülmkar əcnəbilərdən xali bir guşəyə çəkilmək ehtiyacı duydu.

Midhəd əfəndi şair idi, onun üçün hürriyyət və gözəllik hər şeydən yüksək idi, düşündü və bu iki neməti yalnız Süleymaniyyə camesində tapacağına qane oldu.


Bu dəfə onu cameyə cəlb edən sənət eşqi və zövq duyğusu idi.

Süleymaniyyənin sakin guşəsi, əzəmətli mənzərəsi, xariqə təşkil edən sənəti onun təhəmmül etdiyi bütün həqarəti unutduracaq idi.

Sönük və xərabə küçələri keçdi, yanıq yerlərini adladı və camenin sakin dairəsinə daxil oldu. Qapıda çəkmələrinin üstündən məs geydi və xalıların üzərilə yavaş-yavaş uzaq xanaların birinə yanaşdı. Оturdu. Camedə kimsə yox idi. Dərin bir sükun hökmfərma idi.


Bu sükunu qəndillərə qonmuş göyərçinlər arabir pozurdu. Camenin quruluşu, cizgilərin incəliyi, boyaların uyğunluğu Midhəd əfəndini məşğul etməyə başladı. Yarım saat əvvəl gördüyü çirkin mənzərə tamamilə yadından çıxdı. Sənət zövqü onun ruhunda bir böyüklük doğurdu, ona anlaşılmaz bir mətanət gəldi.


Camedə Süleyman Qanuni dövrünün şan və əzəməti yaşayırdı və bu əzəmət Midhəd əfəndinin ruhunu bəsləmədə idi.

Bir də tühaf bir nəşə içində donub qaldı. Zövq atəşi ilə dolmuş gözləri mehrabın ətrafında gəzirdi. Bir an came qaralan kimi oldu. Mehrabın ətrafını boz bir pəlmə bürüdü, sonra işıqlandı və gözqamaşdıracaq bir şüa içində bir zeybək qızı göründü. Qarayağız, parlaq gözlü, məhzun baxışlı bu qız bir şeylər söyləyirdi, həyəcan içində çırpınırdı…

Midhəd əfəndiyə bayğınlıq gəldi, özünü itirdi. Bir də ayılanda came əzəmət və dəbdəbəsində durmuşdu, sükun haman sükun idi. Yalnız bu sükunun özünəməxsus bir nəğməsi, əsrarəngiz bir tərənnümü var idi. Midhəd əfəndi bunu duydu və şair ruhuna bir ilham gəldi. Bir də zeybək qızını xatırladı, zehnində onun məhzun baxışını ehya etdi. Sonra bir həyəcan duydu. Məhzun baxışlı qızı təkrar görmək üçün mehrabın ətrafına göz gəzdirdi, bir nəticə hasil olmadı. Saatlarca oturdu… Nəhayət, qalxdı. Cameni tərk etdi.

Sakin küçələr ona geniş göründü, əsir şəhər hürr və məsrur idi. Ruhunda elə bir əzəmət var idi ki, hər şeyi qırar, yıxar və hər şeyə qələbə çalardı.

Midhəd əfəndi evə döndü. Anası mətbəxdə məşğul idi. Çağırdı.

Dərdini anlatdı:

– Gedirəm, – dedi.

– Nərəyə, oğlum?

– Anadoluya.

– Babandan sordunmu? Bəs darülfünun?

– Babamdan sormadım, sormaya da gəlməz, darülfünun əsir… Biz də zatən əsir, əsarətdə elm təhsil etmək qabilmi? …Hürr Anadolu hər şeydən yüksək! Zeybəklər silaha sarılmış.

Midhəd əfəndi həyəcanlandı. Pancuru açdı. Xəlic və Mərmərə göründü. Füsunkar bir gözəllik ruhunu oxşadı. Bir dəqiqə keçmədi, incə minarələrə sarılmış sərvlərin arasında bir duman göründü, yaldızlandı və məhzun baxışlı zeybək qızı bütün gözəlliyi ilə zühur etdi.

Midhəd əfəndi bihuş olaraq kanapenin üzərinə sərildi… Anası iztirabla üzərini aldı. Bir dəqiqədə bütün ailə üzvləri ətrafını bürüdü. Midhəd əfəndini ayıltdılar.

Dili söz tutar-tutmaz dedi:

– Bu əsir şəhəri tərk etməsəm, rahatlıq bulmayacağam. Anadolu məni çağırır!

Midhəd əfəndinin atası Münirbəy Babi-Ali məmurlarından idi. Məslək və əqidəcə tam mənası ilə əski bir osmanlı idi. Milli hərəkata, təcəddüdə inanmırdı. Оnun üçün zatişahanənin iradəsi hər şeydən yüksək idi. Anadoluda günü-gündən qüvvət kəsb edən milli hərəkat, Münirbəycə, yalnız bir quldurluq, bir qaçaqçılıqdan ibarət idi. Оdur ki, oğlunun fikrini anladıqda hiddətləndi.

– Оğlum, dəlirdinmi, – dedi, – yarın kurşunamı düzülmək istəyirsən?

Midhəd əfəndi mətanətli bir səslə:

– Bizi deyil, biz kurşuna düzəcəyik, baba! – dedi.

Münirbəy büsbütün acıqlandı:

– Sus! Sən çocuqsan, anlamazsan! – dedi, – ingilisin zirehlilərinə qarşımı gedəcəyik?

Midhəd əfəndi atasının sözünü kəsdi:

– Əvət, gedəcəyik!

– Allah, Allah!..

– Anadolu və şuralar var. Şuraların yardımı ilə istiqlaliyyətimizi təmin və ingilisləri məhv edəcəyik.

– Allah, Allah, – deyə Münirbəy əlini əlinə vurdu və hiddətindən uçunmağa başladı.

Midhəd əfəndi ayağa qalxdı və sakit bir səslə dedi:

– Anacığım, bana bir az yemək, bir cüt camaşır hazırla, yarın erkən əsarəti tərk edəcəyəm.

Anadoluya keçər-keçməz Midhəd əfəndi könüllü yazılıb İzmir cəbhəsinə getdi. Midhəd əfəndinin nəzərini özünə ilk cəlb edən coşqun bir həyat, qüvvətli bir milli hərəkat oldu. Məmləkətin bütün varlığı toplanıb düşmənə qarşı polad bir sipər təşkil etmişdi. Hər kəsdən də əvvəl gözə çarpan çalışqan və fədakar türk qadını idi. Bunlar çiyinlərində silah daşıyırdılar, yaralılara baxırdılar. Bunlarla bərabər, cüt və xışdan da əl çəkmirdilər. Geyimləri ilə qadın şıqlığını heç də xatırlatmayan bu arvadlar Midhəd əfəndinin bütün rəğbətini qazanmışdılar. “Qadınlar Türkiyəni qurtaracaqlar”, – deyə onda qüvvətli bir qənaət hasil olmuşdu.


Cəbhə sakit idi. Hər kəs vəzifə başında hazır durmuşdu. Bir gün bir dəyişikliklər oldu. Midhəd əfəndinin alayını bir az şimala köçürdülər və bir zeybək bölüyü ilə yan-yana oturtdular. Sipər həyatı isə əvvəlki kimi yekrəng və sıxıntılı idi. Aylardan bəri davam edən bu həyatı yalnız vuruşma dəyişə bilərdi.

Vuruşmaların da nə vaxt başlanacağı sipərdəkilərə bəlli deyildi.

Sıxıntılı həyata arabir təğyir vermək üçün döyüşçülər yunan qarovuluna “ova” gedirdilər.


Bir axşam zeybəklərdən iki nəfərin kəşfə çıxacağını Midhəd əfəndi duydu. О da onlara qoşulub çıxdı. Tel örgülərdən keçdilər və yerlə sürünə-sürünə düşmən qarovuluna yanaşdılar.

Təpə arasında, saklı bir yerdə tonqal yanırdı. Kənarında bir nəfər yatmışdı, biri də tüfəngə söykənib mürgü döyürdü. Türklər bir az gözlədilər, sonra zeybəklərdən biri cəld yüyürüb bir qılınc zərbəsi ilə mürgü döyən nəfəri yerə sərdi. Midhəd əfəndi o biri zeybəklə birlikdə yatan düşmən əsgərini zərərsizləşdirdi. Bir dəqiqə keçməmiş yenə əvvəlki sükut bərpa oldu. Yunan nəfərlərinin silahlarını toplarkən ilk hücum edən zeybəyin üzünə ocaqdan işıq düşdü. Midhəd əfəndi bu simaya diqqətlə baxdı. Birdən-birə dondu. Əvvəl gözlərinə inanmadı. Sonra “zeybək qızı”, – deyə içini çəkdi və soyuq bir titrəyiş vücuduna yayıldı. Midhəd əfəndi o axşamı anlaşılmaz bir hiss içində keçirdi. İndiyə qədər gördükləri ona yuxu kimi gəlirdi. Təkrar-təkrar Süleymaniyyə və Boğaziçi mənzərəsini xəyalında canlandırdı, bu axşam gördüyü ilə müqayisə etdikdə şaşdı, qaldı.

Bir gün atları suvarmağa apararkən bulaq başında qarşı-qarşıya gəldilər. İkisi də hərəkətsiz bir vəziyyətdə qaldı. Zeybək qızının dodaqlarında qeyri-şüuri bir təbəssüm oynadı və fövrən qaib oldu. Əvəzində həyalı bir qızartı yanaqlarını bürüdü. Əvvəlcə Midhəd əfəndini ildırım qüvvəsi ilə qarşılayan uzun kirpikli gözlər indi həyəcan içində yerə baxırdı. Titrək barmaqları atın yalına sarılıb qalmışdı. Midhəd əfəndi özünə güclə malik ola bildi, söz demək istədi, dodaqları tabe olmadı. Susdu. Sonra ruhunda bir rahatlıq duydu. Qəlbinə bir yol açıldığını və bu yolla görünməz sirlərin axın-axın gəldiyini hiss etdi. İndi artıq iki ürək bir-biri ilə əsrarəngiz və kimsəyə eşidilməyən bir dillə dərdləşirdi… Gənclərin ikisi də aram tapıb xoş bir sima ilə bir-birinə baxdılar. Bu dəfə dillər mətanətlərini qaib etmədi.

Midhəd əfəndi:

– Mən səni İstanbulda ikən tanıyırdım, – dedi, – burada görüşəcəyimizi təsəvvür etmirdim.

– Mən də səni tanıyırdım, – deyə zeybək qızı başını aşağı saldı və son sözü birbirinə toxunan çini kasaların sədasını verdi.

… Düşmən cəbhəsi yarılmışdı. İngilis silahı ilə təchiz olunmuş iki yüz minlik bir ordu dağılıb pərakəndə bir halda geri çəkilirdi. Qırmızı türk bayrağı təkrar İzmir təpələrində dalğalanmada idi.

İstanbul başqa bir aləm yaşayırdı: əcnəbilərin işğal ordusu çəkilmədən paytaxt bütün idarə və məmurları ilə bərabər Böyük Millət Məclisinə beyət etdi və şəhər dəbdəbəli bir türk qiyafəsinə girdi. Hər yer al bayraqlarla bəzənmişdi, ala qapılar qurulmuş, küçələr nümayişçilərlə dolu idi.

Bir də: “Anqara müməssili paşa gəldi”, – deyə səs düşdü.

Minlərcə adam Sirkəçiyə töküldü, küçələr fəslərdən laləzar oldu… Ağ atlı paşa xalqa təzim etmədə idi, mabeynindəki gənc zabit Midhəd əfəndi və onunla yan-yana gedən milli libaslı zeybək qızı idi. Arxadan qırmızı bayraqlı nümayişçi gənclər ağır-ağır yürüyürdülər. Cadənin iki tərəfini izçilər zənciri tutmuşdu. Оrtanı minlərcə məktəbli qız və oğlan məşğul etmədə idi. Bir də yerləri titrədən bir alqış qopdu:

– Yaşasın Böyük Millət Məclisi! Yaşasın zeybək qızı! – səslər göylərə yüksəldi. Balkonlardan və pəncərələrdən türk qadınları güllər atdılar, ətir tökdülər…

Qafilə Divan yolunda dayandı. Paşa mabeyni ilə bərabər “Şərq məhvəli” klubuna endi. Nümayişçilər isə şəhəri dolanmağa başladılar. Axşam şəhər çıraqban oldu. Minlərcə qırmızı fanarlı məktəblilər “Şərq məhvəli”nin qarşısına toplandılar:

– Yaşasın zeybək qızı! – deyə alqışlar qopdu. Klubun pəncərəsi açıldı, zeybək qızının incə çöhrəsi göründü, dəqiqələrcə alqış davam etdi. Hər tərəfdən zeybək qızının cadəyə enməsini rica etdilər.

Bir də Midhəd əfəndi ilə yan-yana qapıya çıxdı. Alqış qopdu, ətraflarını gənclər bürüyüb, onları çiçək yağmuruna tutdular.


Önlərində zeybək qızı olaraq, fanar alayı körpüyə endi. Bir də körpünü açılmış gördülər. Nümayişçilərin Bəyoğluna keçməməsi üçün ingilislər körpünü açmış və qarşısına mitralyozlu əsgərlər qoymuşdu. Həyəcan artdı. Lakin türk səbri həyəcana qələbə çaldı, əcnəbilərin həyasızlığına qarşı soyuqqanlılıqla cavab verildi. Bir dəqiqədə Xəlicdəki yüzlərcə qayıqlar gənclərlə doldu, Bəyoğluna keçildi…

Avropa imperialistlərindən illərcə çəkdikləri təzyiqi unutmaq üçün İstanbul bir həftə bayram etdi. Bu bir həftədə Türkiyəni xilas edən qadınlığın müməssili deyə zeybək qızını əllərdə gəzdirdilər.