Kərim babanın “Qızıl” adlı bir iti vardı. Gecə-gündüz bizim qapımızdan ayrılmazdı. Oba itlərini heç sevməzdim. Çünki onların qorxusundan obada tək və azad gəzinə bilmirdim.
Bir gün alaçıqdan çıxarkən Qızıl üstümə düşüb hürməyə başladı. Əlimdəki dəyənəyimlə iti vura-vura qovdum. Kərim baba iti vurduğumu bir neçə dəfə görmüş, bir söz deməmişdi. Ancaq xoşuna gəlmədiyini üz-gözündən duymuşdum. Bu gün iti vura-vura qapıdan qovarkən Kərim baba gördü. Yaxınlaşaraq:
– Vurma, oğlum! – dedi. – Bu mənim çörək ağacımdır. Bunun bir qardaş qədər mənə yaxşılığı keçibdir. Sən bunun indiliyini görürsən. Bir vaxt bunun qorxusundan evimizin yanından quş quşluğu ilə keçə bilməzdi. Bu itə beş yüz manat verən olub, verməmişəm. Hər küçüyünü otuz-əlli manata satmışam. Bunun nə qədər ağıllı, igid heyvan olduğunu bilsən, heç vurmazsan.
Kərim baba bu sözləri deyib, itin başını əlləri ilə oxşadı. Sonra yenə üzünü mənə tutaraq dedi:
– Qışlaqda idik. Payızın aydınlıq gecəsi idi. Qoyunları yamaca yayıb bir daşın üstündə uzanmışdım. Nə vaxt yatdığımı heç bilməmişəm. Oyandığım vaxt hava qaralmış, dövrəmi də qalın duman almışdı. Elə qaranlıq düşmüşdü ki, göz-gözü görmürdü. Çomağı götürüb yerimdən qalxdım. Sürüdən xəbər yox idi. Qızılı çağırdım. Cavab vermədi. Dəli kimi o gecəni səhər etdim. Ancaq mənə ümid verən bu it idi; bilirdim ki, Qızıl sürüdən ayrılmaz. Dan yeri ağarar-ağarmaz uca bir təpə başına dırmaşdım. Aşağıya baxdım. Dumandan hər şey qara görünürdü. Yenə “Qızıl, Qızıl”, – deyə bağırarkən dərədən boğuq bir səs eşitdim. İldırım sürətilə dərəyə atıldım. O, sürünü iki təpə arasına yığmışdı. Özü isə yol ağzında durub hürür, məni səsləyirdi. Özümü Qızıla yetirdim. Məni görən kimi sevindiyindən* quyruğunu sallayıb məni yalamağa başladı. Sürüyə qurd girdiyini o saat bildim. Sürünün içinə girəndə üç qurd ölüsü gördüm. İşin nə yerdə olduğunu anladım. Sürüyə qurd daraşanda Qızıl onlarla boğuşa-boğuşa sürünü bu iki təpənin arasına sıxışdırmışdı.
Burada qurdlara hücum edib bir-bir onları boğub öldürmüşdü. Qızılın boynuna necə sarılmışam… Üzündən-gözündən necə öpmüşəm…
İftixar hissi ilə söhbətini tamamlamağa çalışan Kərim baba Qızılı oxşayaraq:
– İndi bunun nə cür it olduğunu bildinmi? Bu, it deyil, aslandır, əjdahadır, – dedi.
Kərim babanın bu tərifindən sonra Qızılla barışmış, səmimi bir dost olmuşduq.